Bu gün Misli Premyer Liqasında X turun daha iki görüşü baş tutacaq.
“Araz-Naxçıvan” “Zirə” ilə üz-üzə gələcək. Muxtar Respublika təmsilçisi cari mövsüm qələbə qazana bilməyən yeganə komandadır. Qəsəbə klubu isə qeyri-sabit çıxışı ilə yadda qalır. Rəşad Sadıqovun kollektivi 5 oyunluq qələbə həsrətinə ötən tur “Sumqayıt”la matçda son qoyub. Saat 15-də Şamaxı şəhər stadionunda oynanılacaq matçın idarəçiliyi Elvin Bayramova tapşırılıb.
Günün ikinci matçında “Qəbələ” doğma meudanda “Qarabağ”ı qəbul edəcək. “Qırmızı-qaralar” 27 matçdır rəqibinə qalib gələ bilmir. “Qırmızı-qaralar” ölkə çempionatında sonuncu dəfə 2017-ci ildə “Köhlən atlar”dan 3 xal qopara bilib. Ağdam klubu cari mövsüm Misli Premyer Liqasında uduzmayan 2 klubdan biridir. “Qəbələ Şəhər stadion”unda baş tutacaq oyun 17:30-a planlaşdırılıb. Matçın baş hakimi Rəvan Həmzəzadə olacaq.














