Kanal haqqında
Azərbaycanın HD yayıma çıxan ilk telekanalı olan “CBC Sport” Azərbaycan və dünya idmanının nəbzini tutur, sağlam həyat tərzini təbliğ edir. Telekanalımız efirə çıxdıqdan dərhal sonra yalnız müşahidəçi rolunda qalmadı, həm də ölkənin idman həyatının fəal iştirakçısına çevrildi. Hər işdə olduğu kimi, “CBC Sport”un da yolu çətinliklərsiz ötüşməyib. Sıfırdan başlayaraq qətiyyətimizi, yaradıcılığımızı və birliyimizi tələb edən çətinliklərlə üzləşdik. Lakin yeniliklərə açıq, fərqli iş ortaya qoymaq istəyən şəxslərdən ibarət komandamızın idmansevərlərin etimadını qazanmaq istəyi keçdiyimiz maneələri aşmağımıza kömək oldu.
Telekanalımız fəaliyyətə başladığı zaman futbol üzrə Azərbaycan çempionatının yayım səviyyəsi istənilən dərəcədə deyildi. Üstəlik, qarşılaşmaların böyük əksəriyyəti, ümumiyyətlə, yayımlanmırdı. Azərbaycan Futbol Federasiyaları Asssosiasiyasının mühüm dəstəyi sayəsində “CBC Sport”un mavi ekranlara gəlişi ilə ilkin olaraq bu problem aradan qaldırıldı. Üstəlik, söhbət sadəcə yayımlanmaqdan getmirdi. Qarşılaşmalar yalnız canlı təqdim edilmirdi, oyunsonrası fləş müsahibələrdə məşqçilər fikirlərini bölüşürdü. Bu ənənə ilə davam edən telekanalımızın mühüm yeniliklərindən biri Azərbaycanda HD formatda yayımlanması oldu. Bununla bir ənənə yaradan “CBC Sport” çətinliklərlə üzləşdiyi dönəmdə belə, tamaşaçıların görüşünə müxtəlif kontentlərlə gəldi. Futbol üzrə Azərbaycan çempionatı, ölkə kuboku, Birinci və İkinci liqa, müxtəlif yaş qruplarından ibarət yığmalarımızın oyunları efirimizin ayrılmaz parçasına çevrildi. Bununla yanaşı, İtaliya A seriyası, Niderland Erediviziyası, tennis üzrə nüfuzlu yarışlar, atletika üzrə Brilyant Liqa tamaşaçılara təqdim edildi. İlk addımdan fərqlilik və yüksək səviyyə ortaya qoyan “CBC Sport” inkişaf etdikcə, ortaya fərqli işlər qoymağa başladı.
“CBC Sport” həmçinin xəbərlərin operativ və obyektiv şəkildə çatdırılmasını öz DNT-sinin ayrılmaz hissəsinə çevirdi. Telekanalımız sönməz məşəl kimi idman aləminin yeniliklərini işıqlandırır. Operativlik sadəcə işimizin tərkib hissəsi deyil, hər bir verilişimizdə müasir idmanın dinamikasını əks etdirən mükəmməlliyə can atdığımız ən vacib meyaralardan birinə çevrilib.
Öz işinin peşəkarlarından ibarət “Xəbərlər” departamentimiz tamaşaçılara yeni və aktual xəbərlər təqdim etmək üçün hər gün gərgin tempdə işləyir. İdman aləmində hər anın önəmli olduğunu başa düşən komandamızla vacib hadisələrə dərhal reaksiya verməyə çalışırıq. Jurnalistlərimiz hər gün qorxmaz macəraçılar kimi idman aləmində maraqlı səyahətə çıxır, təkcə ən məşhur hadisələri deyil, həm də daha az nəzərə çarpan, lakin heç də az əhəmiyyətli olmayan məqamları işıqlandırırlar. Biz tamaşaçılara təkcə faktlarla deyil, həm də kontekst və məna haqqında məlumat verən cəlbedici hekayələr təqdim edirik.
“CBC Sport” ortaya qoyduğu layihələrlə sadəcə telekanala deyil, idmançılar, məşqçilər və azarkeşlər üçün əsl evə çevrildi. Biz yarışların ən parlaq anlarını göstərmək, idmançıların nailiyyətlərini işıqlandırmaq və yeni nəsli yüksək nəticələr əldə etməyə ruhlandırmaq üçün əlimizdən gələni edirik. Komandamız qürurla təkcə çempionatları və turnirləri deyil, həm də xarakter və qələbə əzmini formalaşdıran hekayələri sizinlə bölüşür.
İlk gündən şəffaflıq və peşəkarlıq üzərində qurulan işlərimiz kollektivimizin prinsiplərini də müəyyənləşdirdi. Şəffaflıq, ölkə idmanının təmənnasız təbliği, hər atılan addıma detallarınadək ciddi yanaşmaq bizim üçün dəyişilməz başlanğıclara çevrildi. İlk gündən peşəkar kadrlarla fəaliyyətə başlayan telekanalımız yeni simaları qazandırmağı da özünə vəzifə bildi. “CBC Sport” geridə qalan illər ərzində sadəcə idman təqdimatçısı olaraq qalmadı, həm də yeni jurnalistika məktəbinə çevrildi. Telekanalımız bir çox gənclərin idman mediasına ilk addımlarını atmasına imkan yaratdı, onları peşəkar idman jurnalistlərinə çevirdi. Elan etdiyimiz kastinqlər bu gün ölkədə sevilən yeni simaların ortaya çıxmasına zəmin formalaşdırdı.
Nüfuzlu yarışlarla paralel olaraq, “CBC Sport”un efir vaxtı ən fərqli verilişlərlə də zəngindir. İlk layihəmiz olan “Təkbətək”dən etibarən “Bizim futbol”, “Kalçomaniya”, “Türkiyədən futbol” kimi bəzi çempionatlara həsr edilmiş proqramlar var idi. Avropa və dünya çempionatları, eləcə də yay olimpiya oyunları vaxtı gündəlik verilişlər efirə getdi. Eyni zamanda, “İmza”, “Foto+”, “Danışaq”, “Bir taleyin oyunu”, “Legioner” kimi onlarla fərqli mövzularda verilişlər izləyicilərə təqdim edildi. Bununla yanaşı, sosial və digər layihələr də diqqətdən kənarda qalmadı. İkinci Qarabağ müharibəsinin qəhrəmanlarına həsr edilən “Bayraqdar”, paralimpiyaçılarımızdan bəhs edən “Qələbə əzmi”, qadın idmançılarının uğurlarından danışan “Onların hekayəsi” kimi proqramlar hərtərəfli yanaşmamızın əsas göstəricisidir.
“CBC Sport”un çoxşaxəliliyini göstərən daha bir məqam 2024-cü il Azərbaycan prezident seçkiləri zamanı telekanalımızın timsalında idman ictimaiyyəti nümayəndələrinin də seçki marafonuna qatılması, o cümlədən, bu prosesə hazırlıq başlayandan nəticələr elan olunana qədər daim bağlantılar həyata keçirilməsi, prezident seçkilərinə 3 saatlıq verilişin həsr edilməsidir.
Vaxt keçdikcə peşəkarcasına görülən işlər “CBC Sport”u brendə çevirdi. Azərbaycanın bir çox federasiyaları, idman qurumları məhz telekanalımızla əməkdaşlıq etmək istəyir. Ayın əksər günləri ölkədaxili yarışlardan canlı yayımlar təşkil edilir. İkinci Qarabağ müharibəsi vaxtı Gəncə hadisələri vaxtı həmin yerdən çəkilişlər edildi. Zəfər xəbərlərini operativ çatdıran “CBC Sport” torpaqlarımız işğaldan tam azad edildikdən sonra bir çox yarışları yayımladı. Bu torpaqlarda təşkil edilən 3×3 basketbol üzrə Dünya Seriyası, velosiped, üzgüçülük, marafon yarışları yerindən təqdim olundu. Bu yayımların zirvəsi Azərbaycanın ərazi bütövlüyünün bərpa olunmasından sonra Xankəndi şəhər stadionunda Futbol üzrə Azərbaycan Kubokunun 1/8 finalı çərçivəsində keçirilən “Qarabağ” – MOİK qarşılaşmasının çəkilməsi və canlı şəkildə təqdim olunması idi.
“CBC Sport” əsas yayıma başladığı gündən– 1 noyabr 2015-ci ildən etibarən komandamız idman hadisələrini işıqlandırmaqla yanaşı, yeni idman əfsanələrinin doğulmasına şahidlik edib, bir çox vacib məqamların carçısı olub. Azərbaycan teleməkanında HD təsvir formatında yayımlanan ilk telekanal olaraq daim yeniliklərin və sürprizlərin ünvanı olmağa çalışdıq! Rəqabət ruhunun stadionları bürüdüyü, azarkeşlərin qəlblərinin oyunun ritminə uyğun döyündüyü anlara baxın! Müvəffəqiyyətə aparan çətin yolları, unudulmaz sonluqları və idman tariximizin bir hissəsinə çevrilmiş ruhlandırıcı hekayələri məhz biz – “CBC Sport” təqdim edirik!
Telekanalımız fəaliyyət göstərdiyi müddət ərzində bir çox sadə verilişləri, futbol və müxtəlif idman növlərinə aid oyunları sadəcə yarışma olmaqdan daha böyük nəsnəyə – emosiya, ehtişam və əzəmətlə dolu sənətə çevirə bilib. Biz qürur duyuruq ki, tamaşaçılara onların yaddaşında əbədi qalacaq unikal anlar bəxş edə bilmişik!
“CBC Sport” Azərbaycanda idman hərəkatının ən yaxın dostlarındandır. Sonuncu olimpiadada – Paris-2024 Yay Olimpiya Oyunlarında telekanalımız 4 illiyin ən mötəbər turnirində baş verən yenilikləri, idmançılarımızın əldə etdikləri nailiyyətləri operativ şəkildə izləyicilərimizə çatdırması ilə fərqləndi.
Biz “CBC Sport” ailəsi olaraq təkcə məlumat verməyə deyil, həm də sizi dünya arenalarında baş verən möhtəşəm hadisələrin həyəcan dolu atmosferinə qovuşdurmağa çalışırıq. Hər yeni reportajda, hər müsahibədə həqiqəti və idmanın unikal sehrini axtarır, bu inanılmaz təcrübəni sizinlə bölüşürük.
“CBC Sport” bir telekanaldan daha çoxudur! Komandamızın idmansevərlərlə qarşılıqlı əlaqə üçün unikal məkan yaratmağa çalışdığı “YouTube”, “Instagram”, “Facebook” və “TikTok” səhifələri də daxil olmaqla sosial şəbəkə hesablarımızı fəal şəkildə inkişaf etdiririk. Burada siz idman dünyasının bir hissəsi ola, emosiyalarınızı bölüşə, sevimli komandalarınızın və idmançılarınızın nailiyyətlərini müzakirə edə, həmçinin sorğular və interaktiv müzakirələrdə iştirak edə bilərsiniz. Sizi idmana daha da yaxınlaşmağa kömək edəcək maraqlı müzakirələrə, canlı yayımlara və bir çox maraqlı fəaliyyətlərə dəvət edirik!
Biz “CBC Sport” olaraq həm də hər bir verilişlə tamaşaçılara çatdırmağa çalışırıq ki, idman sadəcə yarış deyil, fiziki və mənəvi inkişafı təşviq edən həyat tərzidir. İnanırıq ki, sağlamlıq və fəaliyyət xoşbəxtlik və uğurun açarıdır və buna görə də biz aktiv həyat tərzini təbliğ etməyə çalışır, hər yaşda olan insanları idmanla məşğul olmağa və fiziki aktiv olmağa ruhlandırırıq.
Ən mühüm nailiyyətlərimizdən biri isə Azərbaycanda ilk dəfə olaraq stadiondan idman şərhinin unikal formatının tətbiqi olub. Bu yenilik yayımımızı zənginləşdirməklə yanaşı, tamaşaçılara evdən çıxmadan əsl idman mübarizəsi ab-havasını yaşamaq imkanı verdi. Cəhd edirik ki, hər bir tamaşaçı sevimli komandaları ilə birlikdə hadisələrin dinamikasına qərq olub qələbələrin sevincini, məğlubiyyətlərin acısını dadaraq idman tamaşasının bütün hisslər qammasını yaşasın.
İdmanın populyarlaşdırılması istiqamətindəki səylərimiz federasiyaların və rəsmi tərəfdaşlarımızın dəstəyi olmadan bu qədər uğurlu ola bilməzdi. Fəxr edirik ki, fəaliyyətimiz ərzində müxtəlif idman təşkilatları, xüsusilə Gənclər və İdman Nazirliyi, həmçinin Milli Olimpiya Komitəsi ilə möhkəm dostluq əlaqələri qurmuşuq. Birgə işimiz sayəsində idmanın populyarlaşmasına və bu gözəl dünyaya yeni iştirakçıların cəlb edilməsinə yönəlmiş bir çox tədbirlər, proqramlar və promosyonlar təşkil edə bildik.
“CBC Sport” Azərbaycandan kənarda təşkil edilən turnirləri də diqqət mərkəzində saxlayır. İsveçrədə keçirilən Qarüstü Polo üzrə Dünya Kuboku, UEFA Çempionlar Liqası, Avropa Liqası, milli komandalarımızın oyunlarının yerindən şərh edilməsi xüsusi vurğulanmalıdır. Telekanalımızın gördüyü işlərin səviyyəsini göstərən bir neçə məqam daha var. UEFA-nın təşkil etdiyi yarışların Qafqaz regionu üzrə yayımçısı “CBC Sport”dur. 2025-ci ildə ölkəmizdə keçirilən 3-cü MDB oyunlarının təşkilat komitəsinin üzvlərindən biri “CBC Sport”un baş direktoru Volkan Üstdür.
Komandamız hər buraxılışın, hər verilişin keyfiyyətli məzmun və parlaq emosiyalarla dolmasını təmin etmək üçün yorulmadan çalışır. Əminik ki, qarşıda sizinlə – sadiq izləyicilərimizlə birlikdə şahidlik edəcəyimiz daha da həyəcanlı anlar var. Bizimlə olduğunuz üçün təşəkkür edirik!
Rəsmi saytımız: https://www.cbcsport.az
Bizi sosial şəbəkələrdə axtarın:
Instagram: https://instagram.com/cbc_sport/
Facebook: https://www.facebook.com/cbcstv
Telegram: https://t.me/cbcst
Youtube: https://www.youtube.com/c/CBCSport
Telekanalda yayımlanan videoların müəllif hüquqları Azərbaycan Respublikasının qanunvericiliyi ilə qorunur. Məhsulların başqa kanallarda icazəsiz yayımlanması qadağandır!














