Bu gün Misli Premyer Liqasında XIII tur start götürəcək.
İlk oyun günü 2 qarşılaşma keçiriləcək. Açılış matçında “İmişli” çempionatın debütantı “Şəfa”nı qəbul edəcək. Aran təmsilçisi son 3 görüşdə 3 xala həsrətdir. Bakılıların son qələbəsi isə 2-ci turda “Qəbələ” ilə oyuna təsadüf edib. Tərəflərin ilk dövrədəki matçı əyalət klubunun minimal hesablı qələbəsi ilə nəticələnib. Yevlax Şəhər stadionunda təşkil olunacaq görüşün start fitini saat 14:30-da Fərid Hacıyev səsləndirəcək.
Günün ikinci, eyni zamanda mərkəzi matçı Bakıda təşkil ediləcək. Premyer Liqanın lideri “Neftçi” “Zirə” ilə münasibətlərə aydınlıq gətirəcək. “Ağ-qaralar”ın bu mövsüm məğlub olduğu yeganə komanda məhz qəsəbə klubudur. Ümumilikdə isə “qartallar” son 5 premyer liqa oyununun heç birində “Neftçi”yə uduzmayıb. “Palms Sports Arena”da keçiriləcək oyunu Tural Qurbanov idarə edəcək. Qarşılaşma saat 19:00-da başlayacaq.















