3×3 basketbol üzrə qadınların Dünya Seriyasında 5-ci mərhələyə yekun vurulub. A qrupunu uğurla aşaraq pley-offa vəsiqə qazanmağı bacaran “Neftçi SOCAR” ¼ finalda İspaniya seçməsi ilə üzləşib. Rəqibini 20-14 məğlub edən Azərbaycan təmsilçisi yarımfinalda Niderlandın “Amsterdam” komandası ilə qarşılaşıb.

Erika Karter, Aleksandra Mollenhauer, Aoi Katsura və Nevena Vuçkoviçdən ibarət kollektiv bu görüşdən 17:13 hesablı qələbə ilə ayrılaraq finala yüksəlib.

Həlledici matçda “ağ-qaralar” Fransa yığması ilə üz-üzə gəlib. Olduqca gərgin və maraqlı məcrada keçən dueldə daha sərrast atışlarla yadda qalan “Neftçi SOCAR” yekunda 21:20-lik qalibiyyətə sevinib və mərhələnin qalibi olub. Beş etapdan sonra onlar 186 xalla ümumi sıralamada 5-ci yerdə qərarlaşıblar.