Bu gün keçirilən iki görüşlə Misli Premyer Liqasının IX turuna yekun vurulub. İlk matçda “Qəbələ” evdə “Neftçi”ni qəbul edib. Oyun qonaqların 2:0 hesablı qələbəsi ilə bitib. “Ağ-qaralar”ın yeni transferi Vensan Abubakar 1 qol, 1 məhsuldar ötürmə ilə yadda qalıb. “Azersun Arena”da baş tutan ikinci qarşılaşmada “Qarabağ” və “Şamaxı” qolsuz heç-heçəyə razılaşıblar.

Hazırda turnir cədvəlinə 18 xala malik “Turan Tovuz” başçılıq edir. Ehtiyatında bir oyun olan “Qarabağ” qərb klubundan 1 xal geri qalır. 16 xal toplayan “Zirə” və “Araz-Naxçıvan” növbəti sıralarda qərarlaşıblar. Sonuncu yeri 3 xallı “Kəpəz” tutur. Çempionatın bombardiri 6 qolla naxçıvanlıların hücumçusu Ba-Muaka Simakaladır.