Bu gün Misli Premyer Liqasında IX tura start veriləcək. açılış qarşılaşmasında “Karvan-Yevlax” bu gün “Turan Tovuz”la qarşılaşacaq. Son 6 oyunda cəmi 1 xal qazanan Azər Həşimovun komandası autsayderlər mövqeyində qərarlaşıb. Bu görüşlərdə 1 qol vuran “Karvan-Yevlax” qapısında 14 top görüb. Ötən tur “Qarabağ”a uduzan “Turan Tovuz” isə üst pillələrdəki mövqeyini davam etdirmək istəyir. Qərb təmsilçisi liqada heç-heçə etməyən 2 komandadan biridir. Onlar 8 tura 5 qələbə və 3 məğlubiyyət yaşayıblar. Şamaxı şəhər stadionunda keçiriləcək oyunun start fitini 14:30-da Elvin Bayramov səsləndirəcək.
Günün ikinci görüşündə “Kəpəz” “İmişli” ilə münasibətlərinə aydınlıq gətirəcək. Ötən tur xal həsrətinə son qoyan Gəncə klubu ardıcıl 2-ci qələbəsini hədəfləyir. Azər Bağırovun gəlişindən sonra “Qarabağ”a 0-1 hesabı ilə uduzan “sarı-göylər” “Şamaxı”nı 4-1 hesabı ilə üstələməyi bacarıb. Mövsümə gözlənildiyindən daha yaxşı başlayan “İmişli” isə 3 oyunluq qalibiyyətsizlik seriyasına son vermək niyyətindədir. Ötən mövsüm Azərbaycan kubokunda üz-üzə gələn tərəflərin duelində qərb təmsilçisi 1-0 hesabı ilə qalib gəlib. Saat 17:00-da Qəbələ şəhər stadionunda keçiriləcək görüşü Kamal Umudlu idarə edəcək.

















