Sabah Azərbaycan təmsilçisi “Qarabağ” UEFA Çempionlar liqasının əsas mərhələsinin III turunda, səfərdə “Atletik Bilbao” ilə üzləşəcək. Görüşdən əvvəl keçirilən mətbuat konfransında Ağdam klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin suallarını cavablandırıb. Mütəxəssis, onları çətin oyunun gözlədiyini vurğulayıb:

“Rəqib komanda çox təcrübəli baş məşqçiyə sahibdir. “Atletik” özünəxas oyun üslubu olan bir klubdur. Həm müdafiədə, həm də hücumda aqressiv oyun nümayiş etdirə bilirlər. Bizim də Avrokuboklarda təcrübəmiz ildən-ilə artmaqdadır. Rəqib komanda bu görüşdə qalib gəlmək istəyir. Sabahkı matçda futbolçular meydanda çox hərəkət etməli olacaqlar. Meydanda möhkəm olmağa çalışacağıq. “Atletik””in oyun tempinə davam gətirmək istəyirik”.

Baş məşqçi, Marko Yankoviçin durumuna da aydınlıq gətirib:

“O, bizimlə birgə məşq edir. Mümkündür ki, biraz formasından uzaqdır. Qarşıdakı matçda iştirakı ilə bağlı tam qərarı hələki verməmişik. Sabah kimin ilk dəqiqələrdən meydanda olacağını müəyyənləşdirəcəyik”.

Qeyd edək ki, “Atletik Bilbao” – “Qarabağ” matçı oktyabrın 22-də, Bakı vaxtı ilə saat 20:45-də başlayacaq və “CBC Sport”la canlı yayımlanacaq.