Bu gün Misli Premyer Liqasında IX tura yekun vurulacaq.
Günün ilk oyunu Yevlaxda təşkil ediləcək. Burada “Şamaxı” “İmişli”nin qonağı olacaq. Komandalar indiyə qədər 3 dəfə qarşılaşıblar ki, bu oyunlarda “pələng”lər nə qol vura bilib, nə də qələbə qazanıb. Ümumiyyətlə, tərəflər arasında duellərdə yalnız 1 qol vurulub. Saat 15-də Yevlax şəhər stadionunda başlanacaq qarşılaşmada Rauf Cabarov söz sahibi olacaq.
Turun bağlanış və mərkəzi matçında “Sabah” yeni stadionu – “Dalğa arena”da “Qarabağ”ı qəbul edəcək. Tərəflərin son 10 oyununa nəzər saldıqda meydan sahiblərinin üstünlüyü diqqət çəkir. Belə ki, “bayquşlar” bu görüşlərdə 3 qələbə qazanıb, 2 dəfə məğlub olub. 5 oyunda isə qalib müəyyənləşməyib. Komandaların cari mövsümdə məğlubiyyətsiz irəliləməsi oyuna marağı artıran məqamlardandır. 18-də start götürəcək qarşılmanın baş hakimi Rəşad Əhmədov olacaq.
















