Misli Premyer Liqasında cəmi 6 turdan sonra iki klub məşqçilər korpusunda dəyişiklik edib. Əvvəl “Qəbələ” Kaxaber Tsxadadze ilə vidalaşdı, ardınca “Araz-Naxçıvan” eyni addımı atdı. Bəs baş məşqçini dəyişmək həqiqətən problemi həll edirmi? Ötən mövsümün nümunələri bunun heç də həmişə belə olmadığını göstərir.

Ötən mövsüm məşqçi dəyişikliyinin ən aydın nəticə verdiyi klub “Neftçi” oldu. Samir Abasovla yollar ayrılarkən “ağ-qaralar” 12 oyunda cəmi 3 qələbə qazanmış, 15 xal toplamışdı. Klub özü də qərarı əsaslandırarkən oyun keyfiyyətində inkişafın görünmədiyini və son həftələrdə geriləmə yaşandığını bildirmişdi. Halbuki heyət mövsüm ərzində 14 yeni futbolçu ilə gücləndirilmişdi. Yuri Vernidubun gəlişindən sonra mənzərə kəskin dəyişdi. Ukraynalı mütəxəssisin rəhbərliyi altında Paytaxt klubu 19 çempionat oyununda 13 qələbə qazandı, 4 dəfə heç-heçə etdi və cəmi 2 dəfə məğlub oldu. Bu müddətdə 43 xal toplayan komanda mövsümü 59 xalla 4-cü pillədə tamamladı və Konfrans Liqasına vəsiqə əldə etdi. Burada məşqçi dəyişikliyi sadəcə emosional effekt yaratmadı, nəticə dinamikasını tam dəyişdi.

“Kəpəz”də isə məsələ yüksəlişdən çox xilas olmaq idi. Adil Şükürovun rəhbərliyi altında ilk 5 oyun məğlubiyyətlə başa çatmış, komanda cəmi 2 qol vurub 16 top buraxmışdı. Növbəti matçda da xal gəlmədi və Azər Bağırov “sarı-göylər”i sıfır xalla qəbul etdi. Bağırov mövsümün gedişində komandanı təhlükəli zonadan çıxara bildi. Gəncə təmsilçisi yekunda 27 xalla 10-cu yeri tutaraq Premyer Liqada birbaşa qaldı. Ancaq 33 oyunda 22 məğlubiyyət göstərir ki, baş məşqçi böhranı yumşaltdı, amma komandanın bütün struktur problemlərini aradan qaldırmadı. Başqa sözlə, “Kəpəz”də əməliyyat xəstəni xilas etdi, xəstəliyi tam sağaltmadı.

“Araz-Naxçıvan” nümunəsi isə daha paradoksaldır. Elmar Baxşıyev qış fasiləsi ərəfəsində son 5-6 oyunda komandasını “tanıya bilmədiyini” açıq şəkildə söyləmişdi. Oyun keyfiyyətində eniş vardı, amma turnir vəziyyəti fəlakətli deyildi: 16 matçdan sonra 26 xal toplayan Naxçıvan klubu 6-cı yerdə idi və üçüncü pillədən cəmi 2 xal geri qalırdı. Buna baxmayaraq, rəhbərlik nəticələri qənaətbəxş saymadı. Andrey Demçenko dövründə komanda qalan 17 oyunda 6 qələbə və 2 heç-heçə qazandı, mövsümü isə 46 xalla yenə 6-cı pillədə başa vurdu. Yəni məşqçi dəyişdi, amma turnir mövqeyi dəyişmədi. Hətta xal toplama tempi Baxşıyev dövrü ilə müqayisədə aşağı düşdü. Bu nümunədə dəyişiklik problemin həllindən daha çox problemin başqa məşqçiyə ötürülməsi təsiri bağışladı.

Daha bir nümunə isə “Karvan-Yevlax”dır. Aran təmsilçisi mövsümün gedişində Azər Həşimovu Füzuli Məmmədov əvəzlədi. Klub prezidenti sonradan etiraf etdi ki, əsas problemlərdən biri seleksiya olub və legioner seçimində effektivlik çox aşağı səviyyədə qalıb, Məmmədovun gəlişindən sonra intizam və məşq keyfiyyəti dəyişsə belə, mövcud heyətin imkanları məhdud idi. Nəticə də bunu təsdiqlədi. “Karvan-Yevlax” mövsümü cəmi 15 xalla sonuncu pillədə tamamladı və Premyer Liqanı tərk etdi. Deməli, məşq prosesini dəyişmək yanlış qurulmuş heyəti mövsümün ortasında avtomatik olaraq rəqabətədavamlı komandaya çevirmir.

Ötən mövsümün dərsi kifayət qədər aydındır. Baş məşqçi dəyişikliyi yalnız problemin mənbəyi həqiqətən məşqçi olduqda güclü effekt verir. “Neftçi” bunu göstərdi. “Kəpəz”də dəyişiklik böhrandan çıxmağa kifayət etdi. “Araz-Naxçıvan”da əlavə üstünlük yaratmadı, “Karvan-Yevlax”da isə heyət və seleksiya problemi məşqçi faktorundan daha ağır gəldi. Ona görə də indiki “Qəbələ” və “Araz-Naxçıvan” üçün əsas sual yeni məşqçinin kim olmasından əvvəl problemin həqiqətən məşqçidə olmasında, yoxsa çalışdırıcının dəyişməsi ilə yerində qalacaq səbəblərin daha dərin mahiyyət daşıması ilə bağlıdır.