Bu gün Azərbaycan Kubokununda II təsnifat mərhələsinə start verilir. İlk oyun günündə 5 matç keçiriləcək.

“Araz-Naxçıvan” Şamaxı şəhər stadionunda “Şimal”la qarşılaşacaq. Hər iki komanda yarışa bu mərhələdən qoşulacaq. Görüşün start fiti saat 14-də  Kamran Əliyev tərəfindən səsləndiriləcək.

Eyni saatda başlayacaq digər oyunda “Marafon” doğma meydanda “Zaqalata” ilə münasibətlərə aydınlıq gətirəcək. Aran təsmilçisi birinci təsnifat mərhələsində “Dinamo”dan üstun olubsa, qonaqlar yarışa bu mərhələdən qatılıb. Sabirabadda yerləşən “Marafon Arena”dakı matçın baş hakimi İslam Məmmədov olacaq.

Saat 17-də “Sumqayıt” “Kür Araz”la üz-üzə gələcək. İmişli təmsilçisi turnirdəki ilk matçında “Şirvan”dan 3:1 üstün olub. “Kimyaçılar” isə kubokda birinci oyununa çıxacaq. “Socar Polymer Arena”dakı qarşılaşmanı Niyaz Əhmədov idarə edəcək.

Qəbələ şəhər stadionunda yerli “Qəbələ” kollektivi “Mingəçevir”i qəbul edəcək. Hər iki komanda yarışa bu mərhələdən qoşulacaq. Tərəflər son dəfə ötən mövsüm elitaya qatılmaq uğrunda qarşılamada üz-üzə gəliblər. Görüş “qırmızı-qaralar”ın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. 17-də başlayacaq matçda əsas söz sahibi Nazim Abdullayev olacaq.

Günün son duelində “Zirə” “Səbail”in qonağı olacaq. Tərəflər arasında baş tutan son 5 oyununun hamsı Rəşad Sadıqovun rəhbərlik etdiyi komandanın qələbəsi ilə yekunlaşıb. “Dənizçilər” isə son 3 görüşdə rəqib qapısına yol tapa bilməyib. “Bank Respublika arena”dakı üzləşmədə ədaləti Səbuhi Bayramov qoruyacaq. Saat 17-də başlayacaq matç “CBC Sport”la futbolsevərlərə canlı təqdim olunacaq.