Gənclər və İdman Nazirliyi, Azərbaycan Su İdman Növləri Federasiyası, Bakı Balıqçılar və Sualtı Ovçular Klubunun birgə təşkilatçılığı ilə surfkastinq (sahildən balıqtutma) üzrə Azərbaycan çempionatı keçirilib.
Bildirilib ki, dörd balıqçılıq klubunu təmsil edən 35 iştirakçının mübarizə apardığı yarışın açılış mərasimi Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Daha sonra çıxış edən gənclər və idman naziri Fərid Qayıbov idmançıları salamlayıb, onlara uğurlar arzu edib. Nazir çıxışında ölkəmizdə idmana və idmançılara göstərilən dövlət qayğısından danışıb. Su idman növlərinin son illər ərzindəki inkişafını yüksək qiymətləndirdiyini bildirib.
Rəsmi hissədən sonra gənclər və idman nazirinin simvolik olaraq ilk spininqi suya atması ilə ölkə çempionatına start verilib. Çempionat surfkastinq üzrə beynəlxalq qaydalara uyğun şəkildə keçirilib. Altı saat ərzində tutulan balıqlar hakimlər tərəfindən müəyyən edilmiş meyarlar əsasında qiymətləndirilib və ən yüksək nəticə göstərən iştirakçılar müəyyənləşdirilib.
Qaliblər diplom, medal və digər hədiyyələrlə mükafatlandırılıblar. Hakimlərə peşəkarlıqlarına görə Su İdman Növləri Federasiyası tərəfindən diplomlar təqdim edilib.
Yarışın yekun nəticələrinə əsasən, Əhməd Məmmədov (“Azərbaycan Karpfişinq Klubu”) birinci, İlkin Umudov (“Bakı Balıqçılar Klubu”) ikinci, Fərman Abdulov (“Bakı Balıqçılar Klubu”) isə üçüncü yeri tutub. “Big Fish” mükafatına isə 40 sm uzunluğunda ən böyük balığı tutan İlkin Umudov layiq görülüb.













