Misli Premyer Liqasında XXIX turun daha iki görüşü keçirilib.
Günün ilk matçı Şamaxı şəhər stadionunda baş tutub. Burada “Kəpəz”i qəbul edən “Şamaxı” 2:0 qalib gəlib və dörd oyunluq uğursuz seriyaya son qoyub. Gəncəlilər axır 4 görüşdə uduzub.
İkinci qarşılaşmada isə “Neftçi” “Palms Sports Arena”da “Qarabağ”la üzləşib. Qarşılaşma Ağdam klubunun 5:1 hesablı qələbəsi ilə bitib. Qurban Qurbanovun kollektivi iki tur sonra 3 xal əldə edib. 5 matçlıq məğlubiyyətsizlik seriyası qırılan “Neftçi” Azərbaycan derbisində ardıcıl 13 dueldir uduzur. Bu qarşıdurmada son qələbəsini 2021-ci ildə əldə edən “ağ-qaralar” 20 oyundur “Qarabağ”ı üstələyə bilmir.
XXIX tura sabah yekun vurulacaq.


















