Fransa milli komandasının baş məşqçisi Didye Deşam Azərbaycanla oyundan öncə jurnalistlərin suallarını cavablandırıb. Mütəxəssis rəqibin heyətində “Qarabağ”dan 7 futbolçunun olduğunu vurğulayıb:

“Meydana “100 faiz qələbə qazanacağıq” düşüncəsi ilə çıxmaq olmaz. Bütün rəqiblərimizə hörmət edirik. Azərbaycan millisi Ukrayna ilə ev matçında qazandığı nəticə (1:1) sayəsində milli ruha sahibdi. Futbolçular bu dəfə də meydanda tam güclərini qoyacaqlar. Üstəlik, rəqibin heyətində UEFA Çempionlar Liqasında uğurlu start götürən “Qarabağ”ın 7 futbolçusu yer alıb. Rəqib komanda maksimum yaxşı müdafiə olunmağa çalışacaq. Hazırda yalnız sabahkı qarşılaşmanı fikirləşirik.”

Qeyd edək ki, DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçiriləcək Fransa – Azərbaycan görüşü oktyabrın 10-da Paris şəhərindəki “Park de Prens” stadionunda baş tutacaq. Bakı vaxtı ilə saat 22:45-də başlayacaq oyun “CBC Sport”la canlı yayımlanacaq.