Bu gün Misli Premyer Liqasında VI tura start veriləcək.
Açılış matçında “Qəbələ” doğma meydanda “Neftçi”ni qəbul edəcək. Azərbaycan çempionatlarında 1000-ci oyununu keçirəcək “ağ-qaralar” bu göstərici ilə ilkə imza atacaq. Bölgə təmsilçisi 5 turdan sonra 4 xal toplayıb və cəmi 2 dəfə fərqlənib. “Ağ-qaralar” isə 15 qolla çempionatın ən məhsuldar komandasıdır. 6 dəfə fərqlənən Breno Almeyda bombardirlər siyahısına başçılıq edir. Tərəflər ölkə çempionatlarında indiyədək 66 dəfə üz-üzə gəliblər: “Qəbələ” 18, “Neftçi” 34 qələbə qazanıb, 14 görüş heç-heçə yekunlaşıb. Bakı klubu rəqibinə qarşı son 7 matçın hamısında qalib gəlib. “Qəbələ” isə “Neftçi” ilə axır 5 ev oyununda cəmi 1 qol vurub. Qəbələ şəhər stadionundakı qarşılaşma saat 17:30-da başlayacaq. Görüşü Cavid Cəlilov idarə edəcək.
Günün digər üzləşməsində “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Şəfa”nı sınağa çəkəcək. Qurban Qurbanovun komandası çempionatda keçirdiyi 4 oyunda məğlub üzü görməyib. Debütant “Şəfa”nın aktivində isə 1 qələbə, 4 məğlubiyyət var. Zaur Həşimovun komandası son iki turda “Neftçi” və “Sabah”la görüşlərdə ümumilikdə 7 qol buraxıb. “Qarabağ”la “Şəfa” ölkə çempionatları tarixində ilk dəfə qarşılaşacaqlar. Vüqar Həsənlinin söz sahibi olacağı matç saat 19:45-də başlanacaq.

















