Azərbaycan cüdoçusu Balabəy Ağayev (60 kq) Monqolustanın paytaxtı Ulan-Batorda keçirilən Böyük Dəbilqə turnirində qazandığı qələbədən sonra dünya reytinqində liderliyini daha da möhkəmləndirib.

Beynəlxalq Cüdo Federasiyası Monqolustan turnirinin yekunlarına əsasən dünya reytinqini açıqlayıb. Yarışda Azərbaycan təmsilçiləri dörd medal qazanıblar.

Xatırladaq ki, Balabəy Ağayev (60 kq) qızıl medal əldə edib. Nizami İmranov (66 kq), Murad Fətiyev (90 kq) və olimpiya çempionu Zelim Kotsoyev (100 kq) isə bürünc mükafata sahib çıxıblar.

Ulan-Batordakı uğur sayəsində Balabəy Ağayev 60 kq çəki dərəcəsində liderliyini daha da gücləndirib. Hazırda onun hesabında 4638 xal var. Bu çəkidə Azərbaycan millisinin digər üzvü Əhməd Yusifov 3670 xalla ikinci pilləyə yüksəlib.

66 kq çəki dərəcəsində Ruslan Paşayev bir pillə geriləyərək 3513 xalla dördüncü sırada qərarlaşıb. Ulan-Bator turnirinin bürünc mükafatçısı Nizami İmranov isə 17 pillə irəliləyərək 1772 xalla 36-cı yerə yüksəlib.

Monqolustandakı yarışda iştirak etməyən olimpiya çempionu Hidayət Heydərovun (73 kq) dünya reytinqindəki mövqeyi zəifləyib. Titullu idmançı iki pillə geriləyərək 3036 xalla altıncı sıraya düşüb. Xatırladaq ki, Heydərov çəki normasına uyğun gəlmədiyi üçün Böyük Dəbilqə turnirinə buraxılmamışdı. Eyni çəkidə Rəşid Məmmədəliyev də 2652 xalla yeddinci yerdən doqquzuncu pilləyə enib.

81 kq çəki dərəcəsində Zelim Tskayev 3062 xalla dünya reytinqində beşinci yerini qoruyub saxlayıb. 90 kq-da isə Ulan-Batorda bürünc medal qazanan Murad Fətiyev 3156 xalla yeddinci pillədən beşinci yerə yüksəlib.

Monqolustan turnirində əldə etdiyi bürünc medal Azərbaycanın digər olimpiya çempionu Zelim Kotsoyevin (100 kq) də mövqeyini yaxşılaşdırıb. O, iki pillə irəliləyərək dünya reytinqində ikinci yerə yüksəlib. Kotsoyevin hesabında 4120 xal var. Bu göstərici lider olan braziliyalı Leonardo Qonsalvesdən 350 xal azdır.

Ağır çəkidə Ulan-Bator Böyük Dəbilqəsini buraxan Uşanqi Kokauri dünya reytinqində liderliyini itirib. O, 4017 xalla ikinci sıraya enib. Bu çəkidə birinci pilləyə 4400 xala malik rusiyalı İnal Tasoyev yüksəlib. Eyni çəkidə Ulan-Batorda medalın bir addımlığında qalan Kənan Nəsibov isə 3190 xalla dünya reytinqində yeddinci yerini qoruyub.