Futbol üzrə dünya çempionatında G və H qruplarının ilk tur oyunları keçirilib.
G qrupunun ilk oyunlarından biri Sietldəki “Lumen Field” stadionunda keçirilib. Burada Belçika Misirlə üz-üzə gəlib. Oyun 1:1 hesablı heç-heçə ilə bitib. “Qırmızı şeytanlar” 14 matçdır uduzmur.
Qrupun digər qarşılaşmasında İran Yeni Zelandiya ilə münasibətlərinə aydınlıq gətirib. Los-Ancelesdəki “SoFi Stadium”da keçirilən görüş erkən qolla başlayıb. Bolqollu alınan qarşılaşma 2:2-lik heç-heçə ilə yekunlaşıb. Bu kvartetdə ilk turdan sonra bütün komandalar hərəyə 1 xal toplayıb. İkinci turda Belçika İranla, Yeni Zelandiya isə Misirlə qarşılaşacaq.
H qrupunda da favoritlərin xal itkisi qeydə alınıb. “Hard Rock Stadium”da Səudiyyə Ərəbistanı Uruqvay seçmələri 1:1 oynayıblar.
Qrupun digər oyununda isə turnirin ilk böyük sürprizlərindən biri yaşanıb. Son Avropa çempionu İspaniya mundial debütantı Kabo-Verde ilə qolsuz heç-heçə edib. Afrikalılar etibarlı müdafiə və qapıçı Vozinyanın inamlı oyunu sayəsində favoritdən xal almağı bacarıblar. Bu nəticə Kabo-Verde millisinin dünya çempionatları tarixində qazandığı ilk xal kimi yadda qalıb.
H qrupunun ikinci turunda İspaniya Səudiyyə Ərəbistanı ilə, Uruqvay isə Kabo-Verde ilə qarşılaşacaq.














