21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Bakıda təlim-məşq toplanışına start verib.

Milli Komandaların Təlim-Məşq Mərkəzində gerçəkləşən hazırlıq prosesinin ilk 15 dəqiqəsi media üçün açıq olub.

Futbolçular isinmə hərəkətlərinin ardından müxtəlif terminləri yerinə yetiriblər.

İtaliyanın “Sampdoriya” klubunun U-19 kollektivində çıxış edən Lorenzo Mezzotero yığma ilə ilk məşqində iştirak edib. Milliyə yeni cəlb olunan daha bir futbolçu – Belçikanın “Sent-Truiden” klubunun yarımmüdafiəçisi Mustafa Kamara isə düşərgəyə sabah qoşulacaq.

Qeyd edək ki, U-21 mayın 28-dən 30-dək Bakıda, 31-dən iyunun 10-dək isə Türkiyənin İsparta şəhərində təlim-məşq toplanışında olacaq.

U-21 Türkiyədəki hazırlıq çərçivəsində iyunun 6-da Bəhreyn, 9-da isə Qırğızıstanın müvafiq yaş qrupundan ibarət komandasına qarşı 2 yoldaşlıq oyunu keçirəcək. “Sav” stadionunda baş tutacaq hər iki matçın Bakı vaxtı ilə saat 18:00-da başlanması nəzərdə tutulur.