İdman arbitraj məhkəməsi (CAS) Seneqal millisini Afrika Millətlər Kuboku-2025-in qalibi kimi tanıyıb.

Xatırladaq ki, həmin turnirin gərgin keçən finalında Seneqal Mərakeşə 1:0 hesabı ilə qalib gələrək titula sahib çıxıb. Məğlubiyyətin ardından Mərakeş rəqibin görüşün gedişində meydanı tərk etməsinə əsaslanaraq Afrika Futbol Konfederasiyasına şikayət ünvanlayıb.

Həmin hadisə oyunun 98-ci dəqiqədə mərakeşli Braim Diasın qayda pozuntusuna məruz qalmasından sonra təyin edilən penalti zərbəsinə etiraz əlaməti olaraq yaşanıb. Apellyasiya şikayətini müsbət cavablandıran qitənin ali futbol qurumu isə Seneqala texniki məğlubiyyət verib.

Lakin belə nəticəni qəbul etməyən Seneqal Futbol Federasiyası CAS-a müraciət edib və məhkəmə onların lehinə qərar verib. Bu, “Terenqa şirləri”nin tarixində qazandığı ikinci Afrika Millətlər Kuboku olub.