Dünya çövkəninin gələcəyi Misirdə müəyyənləşir!
Beynəlxalq Çövkən Federasiyasının IV Baş Assambleyası Misirin Port Qalib şəhərində işə başlayıb. İclas federasiyanın prezidenti Bəhruz Nəbiyevin açılış nitqi ilə start götürüb.
Toplantının əsas mövzuları arasında oyun qaydalarına mümkün dəyişikliklər, yeni üzvlərin qəbulu və 2027-ci ildə keçiriləcək kontinental çempionatların ev sahiblərinin seçilməsi yer alır.
Baş Assambleyada Bəhreyn, Oman, Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və İranın federasiyaya üzvlük müraciətləri müzakirə olunacaq. Həmçinin Fars körfəzi üzrə yeni regional strukturun yaradılması və regional rəhbərlərin seçilməsi nəzərdə tutulub.
Gələnilki kontinental çempionatlara ev sahibliyi üçün Böyük Britaniya, Qırğızıstan, Çili və Mərakeşin namizədliyi nəzərdən keçiriləcək. İştirakçılar çövkənin beynəlxalq inkişafı, hakimlik standartları və atların rifahı ilə bağlı məsələləri də müzakirə edəcəklər.













