Azərbaycanın 11 cüdoçusu oktyabrın 29-31-də Birləşmiş Ərəb Əmirliyinin paytaxtı Əbu-Dabidə keçiriləcək “Böyük Dəbilqə” turnirində iştirak edəcək.

İdmançılar 9 çəki dərəcəsində çıxış edəcəklər. Qadınlardan Könül Əliyeva (48 kq), Gültac Məmmədəliyeva (52 kq), Südabə Ağayeva (70 kq), Madina Kaisinova (+78 kq), kişilərdən Balabəy Ağayev (60 kq), Ruslan Paşayev (66 kq), Kamran Süleymanov, Hidayət Heydərov (hər ikisi 73 kq), Elcan Hacıyev (90 kq), Uşanqi Kokauri və Camal Qamzatxanov (hər ikisi +100 kq) tatamiyə çıxacaq.

Kişilərdən ibarət milliyə böyük məşqçilər Elçin İsmayılov, Slavko Tekiç, qadınlardan ibarət yığmaya isə baş məşqçi Amina Abdellatif və məşqçi Tərlan Kərimov rəhbərlik edəcəklər.

Qeyd edək ki, Los-Anceles-2028 Yay Olimpiya Oyunlarına lisenziya xalları verən yarışa 60 ölkədən 400-ə yaxın cüdoçu qatılacaq.