İngiltərə Premyer Liqasının 37-ci turunda “Mançester Siti”nin “Bornmut” səfərində xal itirməsindən sonra  82 xalla turnir cədvəlinə başçılıq edən və son bir tur qalmış ən yaxın izləyicisi “şəhərlilər”i 4 xal qabaqlayan “Arsenal” 22 illik fasilədən sonra 14-cü İngiltərə çempionluğunu rəsmiləşdirdi. Komandanın elitadakı ardıcıl 100-cü – yubiley mövsümündə qızıl medallara sahib çıxması qalibiyyəti daha da özəl edir. Qeyd etmək yerinə düşər ki, bu quraqlıq dövr klub tarixində ən uzun uğursuz seriya idi. Londonluların XX əsrdə ən ciddi çempionluq həsrəti 1953-1971, 1971-1989-cu illlər aralığında yaşanmış və hər ikisi 18 il davam etmişdi.

Mövsüm boyu ciddi iddiaya, nəticələrə baxmayaraq “Arsenal” həm bəzi mütəxəssislər, həm də futbolsevərlər tərəfindən maraqsız, gözoxşamayan futboluna görə təndiq edilir, titula layiq olmadığı deyilirdi. Bu sözlərdə doğruluq payı var. 37 matçda 69 qol vuran, topa nəzarət, aşağı templi oyun üslubu ilə seçilən “Arsenal” son 10 ildə “Dumanlı Albion”un ən aşağı məhsuldarlığı olan çempionudur. Həmçinin axırıncı turda “Kristal Pelas”ı məğlub edəcəyi təqdirdə Mikel Artetanın kollektivi mövsümü 85 xalla başa vuracaq ki, bu da Pep Qvardiolanın “Mançester Siti”nin və Yurqen Kloppun “Liverpul”unun 95 xal həddini keçdikləri illərlə müqayisədə bir xeyli aşağı göstəricidi. Ancaq eyni zamanda Premyer liqanı ən çox qazanan mütəxəssis olan Aleks Ferqüsonun rəhbərliyində “Mançester Yunayted”in əldə etdiyi 13 çempionluq titulundan 7-də 85 xaldan aşağı nəticəyə imza atması belə marafon yarışında istəyə çatmaq üçün rekordlar arxasınca qaçmağın yox, sadəcə rəqiblərini qabaqlamağın daha önəmli olduğunu göstərir.

Habelə “Arsenal”ın heyətində Mohammed Salah, Sadio Mane, Kevin De Brüyne, Erlinq Halaand kimi tək başına matçın taleyini dəyişə biləcək ulduz adlar yoxdu. Bu kollektivi zirvəyə aparan möhkəm klub strukturu, planlı strategiya və əlbəttə ki, Mikel Artetanın formalaşdırdığı sistemdir. İspaniyalı mütəxəssis 2019-cu ildə Londona gələndə klub problemlər içində boğulurdu və tunelin sonundakı işıq çox zəif parıldayırdı. Bütün çətinliklərə, işlər yolunda getməyəndə istefa çağırışlarına baxmayaraq, rəhbərliyin tam güvənini alan, əla məşqçilər korpusu formalaşdıran Arteta inanılmaz bir iş bacardı və “topçular”ı yenidən top komandaya çevirdi.

Yarımmüdafiənin mərkəzində az qala hər mövqedə çıxış edən Deklan Rays çempionun onurğa sütunlarından biridir. Dünyanın ən yaxşı orta xətt oyunçularından sayılan Rays 2026-cı ilin “Qızıl top” mükafatını qazanmağa əsas namizədlərdən birinə çevrilib.  O cümlədən aşağı məhsuldarlığa baxmayaraq, Bukayo Saka, Martin Odeqar, Leandro Trossard, Qabriel Martinelli, Kay Haverts kimi elə də parlaq mövsüm keçirməyən futbolçular vacib məqamlarda həlledici qolları ilə kollektivi yarışda saxladılar. Viktor Dyökereş, Ebereçi Eze, Martin Zubimendi kimi yeni transferlər də qələbədə xüsusi rol oynadılar. Lakin cari mövsümün “Arsenal”ı deyəndə ilk ağılan gələn şübəhiz müdafiə idi. Komanda qapalı futbol oynamasa da, onun arxa xəttinin Avropada ən yaxşı olduğu dəqiqdir. Qabriel Maqalyaes və Villyam Salibanın formalaşdırdığı möhkəm stopper ikilisi liqada birlikdə keçirdikləri 26 görüşdə 17 qələbə qazanaraq “Liverpul”dan Vircil van Deyk və İbrahim Konatenin rekordunu təkrarladılar. Xüsusi olaraq David Raya ayrıca qeyd edilməlidir. 19 oyunda qapısını toxunulmaz saxlayan ispaniyalı qoliper kritik anlarda vacib qurtarışlar etdi və yekunda haqlı olaraq ardıcıl 3-cü il liqanın qızıl əlcək mükafatını qazandı.

Bu “Arsenal” həm də standart vəziyyətlərlə bağlı yaratdığı yeni tendensiya ilə xatırlanacaq. Təkcə künc zərbələrindən 18 dəfə fərqlənərək Premyer liqa rekorduna imza atan komandanın standartları rəqibləri üçün qorxulu yuxuya çevrildi. Bu elementlətə nəzarət edən məşqçi Nikolya Joverin adı isə “kornerlər ustası” kimi qitə futboluna damğasını vurdu. Mövsüm ərzində futbolçuları 50 sarı vərəqə alan kollektiv bu mənada ən yaxşıdır. Oyunçuların qırmızı vərəqə ilə cazalanmaması yüksək nizam-intizamdan, qalib ruhdan xəbər verir.

Bu çempionluğu təsadüfi adlandırmaq haqsızlıq olardı. Son 4 mövsümün üçündə “Arsenal” 2-ci yeri tutub. Həmçinin 2022-ci ildən bəri ümumilikdə 562 gün turnir cədvəlinin lideri mövqeyində dayanan London təmsilçisi bu göstəricidə bütün rəqiblərini qabaqlayırdı. Ancaq həmin dövrdə klub muzeyinə bir kubok belə apara bilməmişdi. Nəhayət, tilsim qırıldı. Arteta və komandası 4-cü cəhddə ən böyük arzusuna çatdı.