AFFA Azərbaycanın aşağı yaş qruplarından ibarət çempionatlarında, həmçinin Region Liqasında çıxış edən 6 komandanı texniki məğlubiyyətlə cəzalandırıb.

Bu barədə qurumun İntizam Komitəsinin iclasında qərar qəbul olunub.

Region Liqasında bir neçə oyun komandaların təyin olunan vaxtda meydanda olmaması səbəbindən baş tutmayıb. “Hacıqabul” – “Ucar” matçında “Ucar”a, “Samur” – “Çinar Zəngilan” qarşılaşmasında “Çinar Zəngilan”a, “Ağsu Siti” – “İmişli Bələdiyyəspor” görüşündə isə qonaq komandaya 0:3 hesablı texniki məğlubiyyət verilib.

Bundan əlavə, “Mərcanlı” – “Beyləqan” oyunu 42-ci dəqiqədə “Mərcanlı”nın meydanı tərk etməsi səbəbindən yarımçıq qalıb. Bu hərəkətə görə meydan sahiblərinə texniki məğlubiyyət verilib, lakin mövcud hesab olduğu kimi saxlanılıb.

U-14 Liqasında da bənzər hallar yaşanıb. “Ağdam” – “Kürdəmir” oyununa gəlməyən “Kürdəmir” komandasına və MOİK – “Yasamal Bakı” matçında meydanda olmayan qonaq kollektivə 0:3 hesablı texniki məğlubiyyət verilib.