Misli Premyer Liqasında IV tura start verilib. İlk oyun günündə iki matç keçirilib. Qəbələ şəhər stadionunda “Kəpəz”lə qarşılaşan “Araz-Naxçıvan” 2-0 hesablı qələbəyə sevinib və xalını 10-a çatdıraraq turnir cədvəlində birinci pilləyə qalxıb. Gəncə təmsilçisi isə liqada dördüncü dəfə meydanı məğlub tərk edib. “Qarabağ” isə “Azərsun Arena”da “Zirə”ni qəbul edib. Görüş 1-1-lik bərabərliklə bitib. Bu, Ağdam klubu üçün “Sumqayıt”a məğlubiyyətdən sonra ikinci xal itkisi olub. IV tur sabah keçiriləcək “İmişli” – “Sumqayıt” və “Turan Tovuz” – “Qəbələ” oyunları ilə davam edəcək. Müvafiq olaraq saat 16:30 və 19:00-da başlayacaq matçlar “CBC Sport”la canlı yayımlanacaq.


















