Braziliyanın Fos-du-İquasu şəhərində təşkil edilən boks üzrə Dünya kuboku başa çatıb. 49 ölkədən 400 idmançının qatıldığı yarışın son günündə final görüşləri keçirilib.
75 kq çəkidə mübarizə aparan Səidcəmşid Cəfərov həlledici dueldə braziliyalı Tauan Silvanı 5:0 hesabı ilə üstələyib və fəxri kürsünün ən yüksək pilləsinə qalxıb.
50 kq-da Sübhan Mamedovun finaldakı rəqibi İssam Bensayer olub. Cəfəroc kimi o da 5:0 hesablı inamlı qələbə ilə qızıl medala sahib çıxıb.
90 kq-dan artıq çəki dərəcəsində Məhəmməd Abdullayev də döyüşünü uğurla tamamlayıb. Ermənistan təmsilçisi Davit Çaloyanı 3:2 məğlub edən Abdullayev Braziliyada üçüncü dəfə Azərbaycan himnini səsləndirib.
Əlavə edək ki, buna kimi 70 kq-da yarımfinal mərhələsində Braziliyadan Kayan Reisə uduzan Nəbi İsgəndərov üçüncü yeri tutub.
Nəticədə yığmamız ilk dəfə sözügedən turnirdə 3 qızıl, 1 bürünc medal qazanıb və komanda hesabında ikinci yeri tutub. Qeyd edək ki, boksçularımız aprelin 29-da vətənə qayıdacaqlar.













