“Arsenal” İngiltərə Premyer Liqasında unikal rekorda imza atıb.
Çempionatın XXXIV turunda “Emireyts”də “Nyukasl”ı qəbul edən London klubu 1:0 hesabı ilə qalib gəlib. Matçda yeganə qolu künc zərbəsindən başlanan hücumun yekununda Ebereçi Eze vurub. Bu komandanın cari mövsümdə 17-ci belə qolu var. “Topçular” bununla da liqa tarixində bir mövsümdə kornerdən ən çox fərqlənən komandaya çevrilib.
Daha əvvəlki rekord olan künc zərbəsindən 16 qolluq göstəriciyə “Oldhem” (1992/1993), “Vest Bromviç” (2016/2017) və 2023/2024 mövsümündə “Arsenal” imza atmışdı.
Xatırladaq ki, “Arsenal” hazırda Premyer Liqada 73 xalla liderdir.














