14-15 aprel tarixlərində Azərbaycan Respublikası Atçılıq Federasiyasının təşkilatçılığı ilə Bakıda konkur üzrə “Bahar Kuboku” turniri keçiriləcək.
“Sərhədçi” Atçılıq Mərkəzində təşkil ediləcək yarışa “Omar”, “Sərhədçi”, “Murad”, “Elite” klublarının, həmçinin atçılıq və müasir beşnövçülük üzrə İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər İdman Məktəbini təmsil edən 20-dən artıq iştirakçı qatılacaq.
İdmançılar üç kateqoriya üzrə – 90 sm (A kateqoriyası), 115 sm (L kateqoriyası) və 125 sm (M* kateqoriyası) hündürlükdə olan maneələrin dəf olunması üzrə medallar uğrunda mübarizə aparacaq. Hər nominasiya üzrə ilk 5 yeri tutan iştirakçılara mükafatlar təqdim olunacaq.

















