Bu gün Azərbaycan milli komandası 2026-cı ildə ilk oyununu keçirəcək. Yığmamız ölkəmizin də ev sahiblərindən olduğu “FİFA Series” beynəlxalq yoldaşlıq turniri çərçivəsində Sent Lüsiya seçməsi ilə qarşılaşacaq.
Bu tərəflərin ilk qarşılaşması olacaq. Millimizin Ayxan Abbasovun rəhbərliyi ilə buna qədər çıxdığı 5 oyunda 4 məğlubiyyət yaşayıb, 1 dəfə isə heç-heçəyə razı olub. Bu matçlarda 3 dəfə fərqlənən komandamız, qapısında isə 11 top görüb. Sent Lüsiya seçməsinin son 5 oyununa nəzər salanda onların 1 qələbə və 4 məğlubiyyət ilə yadda qaldığını görürük. Bu görüşlərdə 14 qol buraxan ada ölkəsi rəqib torunu isə 4 dəfə silkələyib.
Qeyd edək ki, bu gün saat 19:00-da start götürəcək görüşə Mehdi Hüseyinzadə adına Sumqayıt şəhər stadionu ev sahibliyi edəcək. Matçı gürcüstanlı referi Giorgi Kruaşvili idarə edəcək.


















