Bu gün UEFA Çempionlar Liqasında 1/8 final mərhələsinin cavab oyunlarına start verilir. İlk oyun günü 4 qarşılaşma olacaq.

Günün açılış qarşılaşması Portuqaliyada keçiriləcək. “Sportinq” ilk oyunda 0:3 hesabı ilə məğlub olduğu Norveçin “Büdo-Qlimt” kollektivini qəbul edəcək. Cari mövsüm debüt etdiyi Avropanın bir nömrəli klub turnirində əldə etdiyi nəticələrlə futbol ictimaiyyətinin rəğbətini qazanan skandinavlar növbəti tarixi nəticəyə olduqca yaxındılar. Lissabon klubu isə mərhələ adlamaq üçün doğma azarkeşləri qarşısında bütün gücünü ortaya qoyaraq ən güclü 8 klub arasına daxil olmağa çalışacaq. “CBC Sport”la canlı yayımlanacaq və saat 21:45-də start götürəcək qarşılaşmanı isveçrəli Sandro Şerer idarə edəcək.

Gecə yarı seansında isə daha 3 görüş oynanılacaq. “Mançester Siti” səfərdə 3 cavabsız qolla uduzduğu Madrid “Real”ını qonaq edəcək. “Şəhərlilər”in heyətində yeganə itki Yoşko Qvardioldur. “Kral klubu”ndə isə Kilyan Mbappe, Cud Bellinqem, Rodriqo, Raul Asensio kimi əsas fiqurlar meydana çıxa bilməyəcək. Pep Qvardiolanın rəhbərlik etdiyi kollektiv madridliləri sonuncu dəfə evdə çempion olduqları 2022/23 mövsümündə yarımfinalın cavab matçında 4:0 hesabı ilə məğlub etməyə müvəffəq olublar. Saat 23:55-dən etibarən “CBC Sport”la canlı təqdim ediləcək görüşün ədalət qoruyucusu fransalı Kleman Turpendir.

Bu mövsüm iştirak etdiyi bütün turnirlərdə çempionluğa iddialı görünən “Arsenal” ilk qarşılaşmada 1:1 hesablı bərabərlik etdiyi “Bayer Leverkuzen”lə üz-üzə gələcək. Turnirin favoritlərindən hesab olunan “topçular”ın mərhələ adlamaq şansı daha yüksək qiymətləndirilir. “Əczaçılar” sonuncu dəfə 24 il əvvəl Londonda Çempionlar Liqasının qrup mərhələsində rəqibi ilə qarşılaşıb və 1:4 hesabı ilə uduzub. Görüşdə əsas söz sahibi niderlandlı Denni Makkeli olacaq.

İngiltərədə oynanılacaq daha bir matç paytaxt Londonda keçiriləcək. “Stemford Bric”də “Çelsi” PSJ ilə qarşı-qarşıya gələcək. Parisdə 2:5 hesabı ilə məğlub olan londonlular 1/4 finala yüksəlmək şansını xeyli aşağı salıb. Görüşün idarəsi sloveniyalı Slavko Vinçiçə tapşırılıb.