Tennis üzrə “Australian Open” turnirində kişilərin mübarizəsində finalçılar bəlli olub.

Hər iki yarımfinal olduqca gərgin alınıb. Ötən ilin finalçısı almaniyalı Aleksanr Zverevlə üzləşən reytinq lideri Karlos Alkaras ilk iki hissəni 6:4 və 7:6 xeyrinə tamamlayıb. Ancaq növbəti setlərdə tay-brekdə qələbəni qoparan Zverev bərabərliyə nail olub. Həlledici hissədə də qalib tay-brekdə müəyyənləşib və daha dəqiq atışlar edən Alkaras finala adlayıb. Bununla da ispaniyalı 1968-ci ildən bəri kişilərin fərdi yarışında ardıcıl 4 “Böyük Dəbilqə” turnirinin finalına yüksələn ən gənc oyunçu ünvanını qazanıb.

İkinci matçda Novak Cokoviç və turnirin son qalibi Yannik Sinner qarşılaşıb. Qarşılıqlı mübarizə şəraitində keçən matçın gedişində 2:2-lik bərabərlik yaranıb. Beşinci hissədə isə 6:4 üstün olan Cokoviç 2023-cü ildən sonra ilk dəfə Avstraliya turnirinin həlledici duelinə adlayıb.

Alkaras və Cokoviç arasında baş tutacaq final fevralın 1-i keçiriləcək.