Avropanın aparıcı çempionatlarında mövsümün yarısını demək olar ki, arxada qoymuşuq. İngiltərə, Almaniya, İspanya, İtaliya və Fransa kimi nüfuzlu liqalarda bir çox komandalar fərqli hədəflər üçün mübarizəni davam etdirirlər. Favorit komandaların xal itirdiyi, liderlərin dəyişidiyi, iddialıların büdrədiyi marafonda yalnız bir komanda yoluna məğlubiyyətsiz davam edir. Söhbət Almaniya nəhəngi “Bayern Münhen”dən gedir. Mövsümə çempion statusu ilə başlayan Vinsent Kompaninin kollektivi Bundesliqada 16 turdan sonra 44 xalla liderdir. Bu görüşlərdə 14 qələbə qazanan “Rekordmayster” cəmi 2 dəfə heç-heçəyə razılaşıb. Münhen təmsilçisi bu mövsüm sabitliyi, nəticələri və dominant oyunu ilə rəqiblərindən açıq şəkildə fərqlənir. Almaniya çempionatında ötən illərdə də buna bənzər halların olduğunu deyə bilərik. 2024/2025 mövsümündə yenə “Bayern Münhen”in 13 turluq məğlubiyyətsizlik seriyası qeydə alınmışdı. Ondan bir mövsüm əvvəl isə Xabi Alonsonun rəhbərlik etdiyi “Bayer Leverkuzen” ümumiyyətlə məğlubiyyətsiz çempion olaraq, tarixində ilk dəfə qızıl medallara sahib çıxmışdı.

Keçid alaq İspaniya La Liqasına. Burada 2022/2023 mövsümünün 12 turndan sonra Karlo Ançelottinin rəhbərlik etdiyi “Real Madrid” 10 qələbə və 2 heç-heçə ilə turnir cədvəlinə başçılıq edirdi. Onların seriyası növbəti turda “Rayo Valyekano” məğlubiyyət ilə sona çatdı. 2020/2021 mövsümündə isə Dieqo Simeonenin “Atletiko”su eyni tura qədər məğlub olmadan irəliləmiş, lakin daha sonra əzəli rəqibi “Real Madrid”ə uduzaraq seriyanı bitirmişdi.

İtaliya A seriyasının 2024/2025 mövsümündə “Yuventus”un ilk 21 turda məğlub olmaması təəccüblə qarşılanmışdı. Məsələ burasındadır ki, o zaman Tiaqo Mottanın çalışdırdığı “qoca sinyora” çempionluq yarışından xeyli geri düşmüşdü. Çünki bu oyunların 13-də komanda meydanı bir xalla tərk etmişdi. 22-ci turda çempion “Napoli”yə uduzan “Yuve” mövsümü ümumilikdə 4 məğlubiyyətlə 4-cü pillədə tamamlamışdı. 2022/2023 mövsümündə “Napoli”nin, 2020/2021 illər mövsümündə isə “Milan”ın 15 oyunluq məğlubiyyətsizlik seriyası ilə yadda qaldığını da xatırladaq.

Fransa liqa 1-də 2024/2025 mövsümündə “Paris Sen-Jermen” böyük bir uğura imza ataraq çempionatın 30-ci turuna qədər heç kimə boyun əyməmişdi. Sonrakı 2 turda “Nitsa” və “Starsbur”a qarşı məğlubiyyətlər isə çemionluğa mane olmadı. Son mövsümki qədər uzun olmasa da, daha əvvəlki illərdə də paytaxt klubunun məğlubiyyətsizlik seriyalarının qeydə alındığı deyə bilərik.

Digər top liqalar ilə müqayisədə İngiltərə Premyer Liqasında uzun müddətli məğlubiyyətsizlik seriyalarının elə də çox olmadığını görürük. Son 5 mövsümə nəzər yetirəndə komandaların yalnız ilk turlara qədər bu uğurlu statistikanı qoruduğunun şahidi oluruq. Cari mövsüm bu seriyaya malik olan “Kristal Pelas” 7-ci, ötən mövsüm “Mançester Siti” 10-cu, 2023/2024 mövsümündə isə “Tottenhem” və “Arsenal” 11 tur məölubiyyətsiz irəliləməyi bacarmışdı. Məhz bu məqam “Dumanlı Albion”da rəqabətin nə qədər yüksək səviyyədə olduğunun bariz nümunəsidir.