Serbiyada keçirilən 23 yaşadək güləşçilər arasında dünya birinciliyində üçüncü yarış günü yekunlaşıb. Yunan-Roma növündə təmsilçilərimizdən 55 kq çəki dərəcəsində çıxış edən Elmir Əliyev final döyüşünə çıxıb. Rusiyalı Alibek Amirova 3:2 hesabıyla qalib gələn pəhləvanımız fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Onunla yanaşı, 72 kq çəki dərəcəsində Ruslan Nurullayev təsəlliverici görüşdə ukraynalı Oleq Xəlilovu üstələyib. Ardınca idmançımız ermənistanlı Qaspar Terteryana qalib gələrək bürünc medala sahib çıxıb.

60 kq-da İlkin Qurbanov 1/4 finalda uduzsa da, rəqibi finala çıxdığından bürünc medal uğrunda təsəlliverici görüşlərə qatılmaq hüququ əldə edib. 82 kq-da Elmin Əliyev və qadın güləşçimiz, 50 kq-da yarışan Əsmər Cankurtaran çıxışını başa vurub. Hazırda Azərbaycanın hesabında 2 qızıl, bir bürünc medal var. Dünya çempionatına oktyabrın 27-də yekun vurulacaq.