Əlcəzair milli komandası 2026-cı ildə Meksika, ABŞ və Kanadada keçiriləcək dünya çempionatına vəsiqə qazanıb. Onlar bu uğura mundialın Afrika zonası üzrə seçmə mərhələsində, G qrupu çərçivəsində Somali seçməsini 3-0 hesabı ilə məğlub edərək nail olub. Bu matçda Almaniya təmsilçisi “Volfsburq”da çıxış edən Mohammed Amura dubla imza atıb. Digər qolu isə Riyad Marez vurub. Beləliklə, birinci yeri təmin edən “səhra tülküləri” tarixində beşinci dəfə 4 illiyin ən böyük futbol yarışında iştirak etmək hüququ əldə edib. Qeyd edək ki, ev sahibi olan komandalarla yanaşı buna kimi Yaponiya, Yeni Zelandiya, İran, Argentina, Özbəkistan, Cənubi Koreya, İordaniya, Avstraliya, Braziliya, Ekvador, Uruqvay, Kolumbiya, Paraqvay, Mərakeş, Tunis və Misir yığmaları da DÇ-2026-ya vəsiqə əldə edib.