Gürcüstanın Batumi şəhərində təşkil olunan şahmat üzrə komandalararası Avropa çempionatında 2-ci turun görüşləri keçirilib. Macarıstan millisi ilə qarşılaşan qadın zəka ustalarımızdan Ülviyyə Fətəliyeva Qaal Zsokadan, Ayan Allahverdiyeva isə Culiana Terbedən güclü olub. Gövhər Beydullayeva Papp Petra ilə xalı yarı bölübsə, Xanım Balacayeva Nomin Erdeneyə məğlub olub. Ümumi hesabda 2,5 – 1,5 hesabı ilə qalib gələn qadın millimiz ardıcıl ikinci qələbəsini qazanıb və hazırda turnir cədvəlinə başçılıq edir. Onların 3-cü turdakı rəqibi Fransa millisi olacaq.
Kişi şahmatçıların mübarizəsinə gəlincə, Çexiya millisi ilə münasibətlərinə aydınlıq gətirən qrosmeysterlərimizdən Şəhriyar Məmmədyarov Van Nquendən üstün olubsa, Rauf Məmmədli David Navaraya uduzub. Aydın Süleymanlı Finek Vaslavla, Məhəmməd Muradlı isə Riçard Stalmakla heç-heçə edib. Nəticədə görüş 2-2 yekunlaşıb. Hazırda 5 xalla turnir cədvəlində 9-cu pillədə qərarlaşan millimiz 3-cü turda Polşa ilə üz-üzə gələcək.














