“Kəpəz” Azərbaycan çempionatları tarixi üçün antirekordu təkrarlayıb. Gəncə təmsilçisi bu mənfi göstəriciyə Misli Premyer Liqasının ilk yeddi oyununda uduzmaqla imza atıb.

1992-ci ildən keçirilən ölkə çempionatları tarixində 7-ci dəfə bir komanda startda 7 dəfə uduzub. “Kəpəz” belə halla ikinci dəfə üzləşən yeganə klubdur. Qərb təmsilçisi ötən mövsümdə də ilk 7 turu xalsız bitirib. Amma həmin vaxt (2-18) top fərqi indiki ilə (2-20) müqayisədə daha yaxşı olan gəncəlilərin ən uğursuz startı cari mövsümə təsadüf edir.

“Sarı-göylər”dən başqa Kürdəmir “Şirvan”ı 1992, “Xəzər Sumqayıt” 1994/95, “Şəmkir” 1996/97, “Şahdağ Quba” 2000/01, “Şəfa” 2004/05 mövsümündə belə uğursuzluq yaşayıb. Qeyd edək ki, 1992-ci ildə çempionatda çıxışını dayandıran “Gənclik” klubuna bütün matçlarda məğlubiyyət verildiyi üçün siyahıya daxil edilməyib.