Fransanın paytaxtı Parisdə “Qızıl Top” mükafatının sahibinin adına aydınlıq gəlib. Belə ki, “Paris Sen-Jermen”in və Fransa milli komandasının hücumçusu Usman Dembele ilin ən yaxşı futbolçusu seçilib. O, ötən mövsüm PSJ ilə Liqa 1-də çempionluq yaşayıb, ölkə kubokunun, superkubokunun və Çempionlar Liqasının qalibi olub. O, həmçinin parislilərlə FİFA Klublararası Dünya çempionatının finalına çıxıb. Dembele 2024/25 mövsümündə 60 matçda 37 qol vurub və 16 məhsuldar ötürmə edib. Futbolçuya mükafatı sabiq braziliyalı ulduz, 2005-ci ildə bu mükafata sahib çıxmış Ronaldinyo təqdim edib.

Qadın futbolçular arasında “Qızıl top”a ardıcıl üçüncü dəfə İspaniya yığmasının və “Barselona”nın üzvü Aitana Bonmati layiq görülüb. 2025-ci ilin ən yaxşı gənc futbolçusu isə İspaniya millisinin və “Barselona”nın üzvü Lamin Yamal seçilib. İlin ən yaxşı kişi məşqçisi Fransanın PSJ klubunun çalışdırıcısı Luis Enrike, ilin ən yaxşı qadın məşqçisi bu il Avropa çempionu olan İngiltərə millisinə rəhbərlik edən Sarina Vieqman olub.

Ən yaxşı qolkiperlərə verilən “Lev Yaşin” mükafatı ötən mövsümü PSJ-də keçirən, hazırda “Mançester Siti”nin şərəfini qoruyan Canluici Donnarummaya təqdim edilib. “Herd Müller” mükafatına hazırda “Arsenal”da çıxış edən, ötən mövsüm “Sportinq”in forması ilə bütün turnirlərdə keçirdiyi 52 matçda 54 qol vuran Viktor Yökereş layiq görülüb. Fransanın PSJ klubu isə ilin “ən yaxşı klub”u mükafatının qalibi olub.