Misli Premyer Liqasında XII tura yekun vurulub. Son oyun günündə iki matç keçirilib.
“Neftçi” “Araz-Naxçıvan”la dueldən 3:1 hesablı qələbə qazanıb. 9 görüşdür uduzmayan “ağ-qaralar” ardıcıl üçüncü qələbəsinə sevinib.
Bağlanış qarşılaşmasında isə “Kəpəz” Gəncə şəhər stadionunda “Qarabağ”ı qəbul edib. Tərəflərin cəhdlərinə baxmayaraq qapılar toxunulmaz qalıb – 0:0.
Hazırda 27 xala malik “Neftçi” turnir cədvəlinin lideridir. Onlar “Sabah” və “Turan Tovuz”u 3 xal qabaqlayırlar. 20 xallı kollektivlərdən “Qarabağ” 4-cü, “Zirə” 5-cidir. 18 xallı “Kəpəz” 6-cı sırada qərarlaşıb. 14 xalla 7-ci olan “Şamaxı” “İmişli”ni 2, “Qəbələ”ni 3, “Sumqayıt”ı 4 xal qabaqlayır. “Şəfa” 5 xalla 11-ci, 4 xalı olan “Araz-Naxçıvan” isə sonuncu – 12-ci pillədə yer alır.















