Misli Premyer Liqasında X turun daha iki oyunu keçiriləcək.

Əvvəlcə “Şamaxı” doğma meydanda “Neftçi” ilə üzləşəcək. Komandalar arasındakı son 5 görüşün üçündə “ağ-qaralar” qalib gəlibsə, 2 dəfə heç-heçə qeydə alınıb. “Şirlər” ümumiyyətlə 13 oyundu bu rəqibini məğlub edə bilmir. Cari mövsüm Azər Bağırovun komandası evdə oynadığı 2 görüşdə maksimum nəticə göstərib. Yuri Vernidubun kollektivinə gəlincə, paytaxt klubu məhsuldarlığı ilə diqqət çəkir. Bakılılar rəqib qapılara 22 qol vurub ki, bu da hazırki vəziyyətdə ən yaxşı nəticədir. Saat 15-də Şamaxı şəhər stadionunda keçiriləcək matçda Tural Qurbanov söz sahibi olacaq.

Eyni gündə baş tutacaq digər oyunda “Kəpəz” “İmişli” ilə münasibətlərə aydınlıq gətirəcək. Bu komandalar indiyə qədər əsas liqada 3 dəfə qarşılaşıb. Aran təmsilçisi 2 qələbə qazanıb, 1 dəfə isə bərabərlik qeydə alınıb. Qərb klubu rəqibi ilə görüşlərdə ilk qalibiyyətini qazanmağa çalışacaq. Liqadakı son 2 görüşünü qələbə ilə tamamlayan “İmişli” isə uğurlu seriyanı davam etdirmək niyyətindədir. Saat 17:30-da Gəncə şəhər Stadionunda baş tutacaq matçın baş hakimi Elçin Məsiyev olacaq.