Oktyabrın 4-də Bakı dünya cüdosunun əsas diqqət mərkəzinə çevriləcək. Paytaxtımız 8 gün davam edəcək böyüklər arasında dünya çempionatına ev sahibliyi edəcək. Doğma tatamidə mübarizə aparacaq Azərbaycan millisi yarışa geniş heyətlə qatılacaq. Dünya çempionatında ölkəmizi 12 çəki dərəcəsində 17-si kişi, 6-sı qadın olmaqla ümumilikdə 23 cüdoçu təmsil edəcək.
4-11 oktyabr tarixlərində Milli Gimnastika Arenası dünyanın ən güclü cüdoçularının mübarizə meydanına çevriləcək. Mövsümün əsas yarışlarından sayılan dünya çempionatında Azərbaycan yığması həm say, həm də təcrübə baxımından kifayət qədər geniş heyətlə çıxış edəcək. Millimizin heyətində Olimpiya çempionları, beynəlxalq turnirlərin qalibləri, eləcə də özünü böyük arenada təsdiqləməyə çalışan gənc idmançılar yer alıblar.
Azərbaycan cüdoçuları kişilərdən ibarət milli komandanın baş məşqçisi və performans direktoru Riçard Trautmanın rəhbərliyi altında tatamiyə çıxacaqlar. Məşqçilər korpusunda Elxan Məmmədov, Elçin İsmayılov, Robert Kravçik və Slavko Tekiç də yer alıb. Qadınlardan ibarət yığmaya isə Amina Abdellatif rəhbərlik edir. Ona böyük məşqçi Saşa Herkenrat-Vimar kömək edir.
Qadınların yarışında Azərbaycan 5 çəki dərəcəsində 6 idmançı ilə təmsil olunacaq. 48 kq-da Şəfəq Həmidova və Könül Əliyeva, 52 kq-da Gültac Məmmədəliyeva, 57 kq-da Xədicə Qədəşova, 70 kq-da Südabə Ağayeva, +78 kq-da isə Madina Kaisinova medal uğrunda mübarizə aparacaqlar.
Kişilərdən ibarət komandanın heyəti daha genişdir. 60 kq-da mövsüm ərzində beynəlxalq yarışlarda uğurlu nəticələri ilə seçilən Balabəy Ağayev və Əhməd Yusifov tatamiyə çıxacaqlar. 66 kq-da Ruslan Paşayev, Turan Bayramov və Nizami İmranov mübarizə aparacaq. 73 kq çəki dərəcəsində əsas diqqət Paris-2024 Yay Olimpiya Oyunlarının qalibi Hidayət Heydərova yönələcək. Bu çəkidə Rəşid Məmmədəliyev də Azərbaycanı təmsil edəcək. 81 kq-da Zelim Tçkayev, Ömər Rəcəbli və Vüsal Qələndərzadə, 90 kq-da isə Murad Fətiyev, Elcan Hacıyev və Süleyman Şükürov ölkəmizin medal şanslarını artırmağa çalışacaqlar. 100 kq çəki dərəcəsində daha bir Olimpiya çempionumuz Zelim Kotsoyev mübarizə aparacaq. Ağır çəkidə isə Azərbaycan üç cüdoçu ilə təmsil olunacaq. +100 kq-da Uşanqi Kokauri, Kənan Nəsibov və Camal Qamzatxanov dünya çempionatının mükafatları uğrunda yarışacaqlar.
Çempionatın proqramı 8 günü əhatə edəcək. Fərdi mübarizələr oktyabrın 4-dən 10-dək keçiriləcək. Yarışın ilk günündə yüngül çəkilər tatamiyə çıxacaq, sonrakı günlərdə isə çəki dərəcələri mərhələli şəkildə ağırlaşacaq. Fərdi dünya çempionlarının müəyyənləşməsindən sonra, oktyabrın 11-də turnirə qarışıq komanda yarışı ilə yekun vurulacaq. Paytaxtımızdakı mundialda doğma azarkeşlər qarşısında mübarizə aparmaq idmançılara əlavə motivasiya verdiyi qədər, onların üzərinə daha böyük məsuliyyət də qoyur. Xüsusilə Hidayət Heydərov və Zelim Kotsoyev kimi Olimpiya çempionlarından gözləntilər yüksəkdir. Bununla yanaşı, mövsüm ərzində özünü göstərən Balabəy Ağayev, Rəşid Məmmədəliyev, Murad Fətiyev və digər cüdoçular da Bakıda medal uğrunda real mübarizə aparmağa çalışacaqlar. Qarşıdakı günlər doğma tatamilərin millimizin üzvləri üçün əlavə üstünlüyə çevrilib-çevrilməyəcəyini daha aydın göstərəcək.













