Formula 1 yenidən Bakı küçələrinə qayıdır. Azərbaycan Qran-prisi bu dəfə çempionatın aşkar lideri Kimi Antonellinin dominantlığı fonunda keçiriləcək. Ancaq Bakı Şəhər Halqasının tarixi göstərir ki, burada mövsümün ümumi güc nisbəti həmişə həlledici olmur: indiyədək keçirilən 9 yarışda 7 fərqli qalib görmüşük. Üstəlik, şənbə günü keçiriləcək yarış öncəsi Antonellidən Ferstappenə, Norris və Leklerə qədər bir neçə pilotun iddiası üçün kifayət qədər əsas var.

Formula 1 mövsümünün 15-ci dayanacağı Bakı olacaq. Bu dəfə həftəsonunun təqvimi də fərqlidir. 27 sentyabr Azərbaycanda Anım Günü olduğuna görə əsas yarış bazar deyil, sentyabrın 26-da – şənbə günü keçiriləcək. Pilotlar 6 kilometr 3 metrlik, 20 döngədən ibarət Bakı Şəhər Halqasında 51 dövrə vuracaqlar.

Bakının əsas favoriti cari formaya görə Kimi Antonellidir. “Mercedes” pilotu mövsümün 14 yarışından 8-ni qazanıb, son iki Qran-pridə də hamını qabaqlayıb. İtaliyalının 292 xalı var və komanda yoldaşı Corc Rasseli 81 xal qabaqlayır. “Mercedes”in rəqiblər üzərində üstünlüyü daha böyükdür: komanda 14 yarışın 10-da qalib gəlib və Mühəndislər Kubokunda “Ferrari”dən 145 xal öndədir.

Lakin Bakı trası rəqəmlərin proqnoza çevrilməsinin ən təhlükəli olduğu traslardan biridir. Burada keçirilən 9 yarışda 7 fərqli pilot qalib gəlib. Daha qəribəsi, cəmi 3 yarış poul mövqeyindən başlayan sürücünün qələbəsi ilə nəticələnib. Daniel Rikkardo 2017-ci ildə 10-cu, Serxio Peres isə 2021-ci ildə 6-cı start mövqeyindən qalib gəlmişdi. Başqa sözlə, Bakıda şənbə günü sıralama turunu uduzmaq bazar… daha doğrusu, bu dəfə şənbə yarışını uduzmaq demək deyil.

Maks Ferstappen də xüsusi diqqət mərkəzində olacaq. Niderlandlı ötən il Bakıda həm poul mövqeyini, həm də qələbəni qazanıb. O, 2022 və 2025-ci illərdə burada finişə birinci çatıb. Serxio Pereslə birlikdə Bakıdakı ikiqat qaliblərdən biridir. “Red Bull” isə beş qələbə ilə Azərbaycan Qran-prisi tarixinin ən məhsuldar komandasıdır.

Bakının ən böyük paradokslarından biri isə Şarl Leklerdir. “Ferrari” pilotu burada rekord sayda – 4 dəfə poul mövqeyini qazanıb, 2019-cu ildən trasın ən sürətli yarış dövrəsi də ona məxsusdur: 1 dəqiqə 43,009 saniyə. Amma Lekler Azərbaycan Qran-prisində hələ də qalib gəlməyib. Sürəti qələbəyə çevirmək problemi monakolu pilotun Bakı tarixçəsinin dəyişməyən mövzusudur.

Lando Norris də nəzərdən qaçmamalıdır. Son Madrid Qran-prisində poul mövqeyini qazanan “McLaren” pilotu çempionatda 186 xalla dördüncüdür. Lyuis Hemilton isə 191 xalla üçüncü pillədə qərarlaşıb. Antonelli böyük xal üstünlüyünə malik olsa da, Bakıdakı uzun düzlüklər, kəskin əyləcləmələr və təhlükəsizlik maşınının yarışlara tez-tez müdaxilə etməsi taktikanı bir anda dəyişə bilər.

Bunun ən yaxşı xatırlatması elə ötənilki sıralama turudur. 2025-ci ildə Bakıda kvalifikasiya 6 dəfə qırmızı bayraqla dayandırıldı – bu, Formula 1 tarixinin rekordudur. Lekler, Piastri və daha bir neçə pilot baryerlərlə tanışlığı çox yaxından yaşamışdı. Deməli, Bakı trasında sürətli olmaq kifayət etmir. Burada bir dövrəni səhvsiz başa vurmaq bəzən bir neçə onda saniyə sürətli olmaqdan daha qiymətlidir.

Üstəlik, trasın bəzi hissələri bu il yenidən asfaltlanıb, Pirelli isə Bakıya ən yumşaq üç tərkibi – C3, C4 və C5-i gətirib. Buna görə ilk sərbəst yürüşlər təkcə sürət göstəricisi deyil, yeni asfaltın ilişmə səviyyəsini və komandaların təkər davranışını nə dərəcədə düzgün oxuduqlarının da ilk sınağı olacaq. Beləliklə, kağız üzərində Antonelli favoritdir, son qalib Ferstappendir, Bakı poulunun ən böyük mütəxəssisi Leklerdir, Norris isə son mərhələlərdə “McLaren”in əsas silahına çevrilib. Hərçənd Bakı Şəhər Halqasının əvvəlki yarışlardan verdiyi dərs burada favorit olmağın hələ qalib olmaq masına gəlmədiyindən ibarətdir.