Özbəkistanın Səmərqənd şəhərində keçirilən 46-cı Ümumdünya Şahmat Olimpiadası davam edir. Bu gün yarışda 5-ci turun görüşləri keçirilib.

Kişilərdən ibarət Azərbaycan millisi (Şəhriyar Məmmədyarov, Rauf Məmmədov, Aydın Süleymanlı, Məhəmməd Muradlı və Eltac Səfərli) Rumıniya ilə 2:2 hesablı heç-heçə edib. Məmmədov rəqibinə qalib gəlib, Süleymanlı və Muradlı heç-heçə edib, Məmmədyarov isə məğlub olub.

Qadınlardan ibarət Azərbaycan millisi (Ülviyyə Fətəliyeva, Günay Məmmədzadə, Gövhər Beydullayeva, Xanım Balacayeva və Gülnar Məmmədova) Serbiyanı 3:1 hesabı ilə məğlub edib. Məmmədzadə və Balacayeva öz partiyalarında qələbə qazanıb, Fətəliyeva və Beydullayeva isə bərabərliyə razılaşıblar.

Bundan əvvəl kişilərdən ibarət komanda Mərakeşi (4:0), Filippini (3:1) və İsveçrəni (3:1) məğlub edib, Çexiya ilə (2:2) heç-heçə edib. Qadınlardan ibarət millimiz isə Qvatemala (4:0), Danimarka (4:0), İsveç (2,5:1,5) və İngiltərə (2,5:1,5) üzərində qalibiyyət əldə edib.

Beş turdan sonra kişilərdən ibarət Azərbaycan millisi turnir cədvəlində 11-ci (8 xal), qadınlardan ibarət millimiz isə 4-cü (10 xal) pillədə qərarlaşıb.

Ümumdünya Şahmat Olimpiadası İsveçrə sistemi üzrə 11 turdan ibarət keçirilir və sentyabrın 27-də başa çatacaq.