4-7 sentyabrın tarixlərində Slovakiyanın paytaxtı Bratislavada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. Turnirdë iştirak edəcək Azərbaycan yığmasının heyəti bəlli olub. Seçməmiz yarışda ümumilikdə 10 çəki dərəcəsində 13 idmançı (9 oğlan, 4 qız) ilə təmsil olunacaq. Komandamızdan Nihad Məmişov, Fərid Qarayev (hər ikisi 60 kq), Məhəmməd Musayev, Nizami İmranov (hər ikisi 66 kq), Əbil Yusubov (73 kq), Süleyman Şükürov (81 kq), Aslan Kotsoyev (90 kq), Davud Namazlı (100 kq), Ramazan Əhmədov (+100 kq), Fəridə Mirzəyeva (48 kq), Xədicə Qədəşova, Aydan Vəliyeva (hər ikisi 52 kq), Nigar Süleymanova (+78 kq), qarışıq komanda yarışında isə Nilgün Rzayeva (63 kq) güclərini sınayacaq. Cüdoçularımıza gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçi Elxan Rəcəbli, gənc qızlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif, böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək. Qeyd edək ki, qitə birinciliyində 42 ölkədən 374 idmançı mübarizə aparacaq.














