UEFA İcraiyyə Komitəsi avrokubokların növbəti mövsümlərdəki final matçlarına ev sahibliyi edəcək stadionları müəyyənləşdirib.

Qərara əsasən, UEFA Çempionlar Liqasının 2028-ci il finalı Almaniyanın Münhen şəhərindəki “Münhen Arena”da, 2029-cu il finalı isə İspaniyanın Barselona şəhərindəki “Kamp Nou” stadionunda keçiriləcək.

Qadınlar arasında Çempionlar Liqasının 2028-ci il həlledici matçı Fransanın Lion şəhərindəki “Park Olimpik Lionne”də, 2029-cu il finalına isə Uelsin Kardiff şəhərindəki “Milli Stadion”da olacaq.

UEFA Avropa Liqasının 2028-ci il final qarşılaşmasına Rumıniyanın Buxarest şəhərindəki “Milli Arena”, 2029-cu il finalına isə Serbiyanın Belqrad şəhərindəki “Milli Stadion” ev sahibliyi edəcək.

UEFA Konfrans Liqasında 2028-ci ilin həlledici görüşü İtaliyanın Turin şəhərindəki “Yuventus Stadionu”nda, 2029-cu ilin finalı isə Macarıstanın Budapeşt şəhərindəki “Puşkaş Arena”da keçiriləcək.

UEFA Superkuboku uğrunda matç 2027-ci ildə Niderlandın Amsterdam şəhərindəki “Yohan Kroyf Arena”da, 2028-ci ildə isə Qazaxıstanın Astana şəhərindəki “Astana Arena”da təşkil ediləcək.

Futzal üzrə Çempionlar Liqasının 2027-ci il final mərhələsi İsveçrənin “Biel/Bienne Arena” idman kompleksində baş tutacaq.