Bu gün Misli Premyer Liqasında IV tura start veriləcək.
Turun açılış matçında “Qəbələ” “İmişli”ni qəbul edəcək. “Qırmızı-qaralar” ilk 3 turdan sonra nəyinki qələbə qazanıb, 1 top belə vura bilməyib. Nəticədə əyalət komandası gürcüstanlı çalışdırıcısı Kaxaber Tsxadadze ilə yollarını ayırıb. Komanda qarşıdakı matça Amil Ağacanov – Miloş Yevtiç məşqçilər duetinin rəhbərliyi altında hazırlaşır. Aran təmsilçisi isə son 3 görüşdə 3 fərqli nəticə ilə yadda qalıb. Tərəflər indiyə qədər 3 dəfə üz-üzə gəlib ki, bu oyunlarda “Qəbələ” və “İmişli” hərəyə 1 qələbə qazanıb, digər oyun isə heç-heçə yekunlaşıb. “Qəbələ Şəhər stadionu”nda oynanılacaq matç saat 18-də Rauf Cabarovun start fiti ilə start götürəcək.
Eyni gündə oynanılacaq digər görüşü Gəncədə baş tutacaq. Burada “Kəpəz” “Şamaxı” ilə üzləşəcək. Premyer Liqa çərçivəsində tərəflər arasında oynanılan son 5 matçda 3 dəfə “şirlər” qalib gəlibsə, 1 dəfə Gəncə klubu 3 xalı aktivinə yazdırıb. 1 dəfə isə xallar yarı bölünüb. Azər Bağırovun komandası cari mövsüm hələ qələbə qazanmayıb. “Gəncə Şəhər stadionu”nda oynanılacaq “Kəpəz” – “Şamaxı” oyunu saat 20:15-də keçiriləcək. Qarşılaşmanın baş hakimi Vüqar Həsənli olacaq.

















