Misli Premyer Liqasında 3-cü tura bu gün keçiriləcək 2 oyunla yekun vurulacaq. “Araz-Naxçıvan” UEFA Çempionlar Liqasında tarix yazaraq liqa mərhələsinə adlayan “Sabah”ı qəbul edəcək. Cavid Hüseynovun komandası mövsümə uğursuz start verən kollektivlərdən biridir. Muxtar respublika təmsilçisi ötən tur “Neftçi”yə 0-5 hesabı ilə məğlub olub. Qitənin ən nüfuzlu klub turnirinin Liqa mərhələsinə vəsiqə qazanan “Bayquşlar”ın isə oyun öncəsi əhval ruhiyyəsi yüksəkdir. Lakin “Hapoel Beer-Şeva” ilə ağır oyundan sonra komandada yorğunluq ola bilər. Tərəflər arasındakı son 5 oyunun 3-də sülh qeydə alınıb. Digər görüşlərdə Sabah qələbə qazanıb. Qəbələ şəhər stadionunda təşkil ediləcək oyun saat 18-də start götürəcək. Matçda söz sahibi Rəvan Həmzəzadə olacaq.
Turun bağlanış qarşılaşması “Socar Polimer Arena”da gerçəkləşəcək. Burada “Sumqayıt” “Qarabağ”ı qəbul edəcək. “Gənclik şəhəri” təmsilçisi liqada keçirdiyi yeganə oyunda “Neftçi”yə məğlub olub. “Qarabağ” isə avrokuboklarda mübarizəni başa vurduğu üçün bütün diqqətini daxili arenaya yönəldəcək. Tərəflər arasında keçirilən son 5 oyuna nəzər yetirdikdə “Qarabağ”ın 4, “Sumqayıt”ın isə 1 qələbəsi olduğunu görərik. Qarşılaşmanın start fitini saat 20:15-də Fərid Hacıyev səsləndirəcək. Hər iki oyun “CBC Sport”la canlı yayımlanacaq.















