Avqustun 15-16-da 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının “Sea Breeze”də keçiriləcək mərhələsində 16 komanda iştirak edəcək. Yarışda Azərbaycan millisi ilə yanaşı, “Neftçi SOCAR”, Niderland, Almaniya, Avstriya, “Madrid” (İspaniya), Latviya, “Yanjinq” (Çin), Çexiya, “Varşava” (Polşa), Ukrayna, Polşa, Paraqvay, Misir, Benin, “Arrasate Ointxe” (İspaniya) kollektivləri mübarizə aparacaq.
Avqustun 15-də təsnifat mərhələsinin oyunları keçiriləcək. C qrupuna vəsiqə qazanmaq üçün Azərbaycan seçməsi bu raundu adlamağa çalışacaq. Yığmamız saat 10:00-da turnirin açılış matçında Ukrayna, ardından 10:50-də Misir yığması ilə üzləşəcək. Günün ikinci yarısında qrup matçlarına keçiləcək. B qrupunda yer alan “Neftçi SOCAR” saat 15:50-də başlayacaq ilk görüşdə İspaniyanın “Arrasate Ointxe” klubu ilə üzləşəcək. “Ağ-qaralar” qrupdakı digər oyununda saat 17:40-da Çinin “Yanjinq” komandası ilə münasibətlərə aydınlıq gətirəcək.
Qruplarda ilk iki pillənin sahibləri 1/4 finala vəsiqə qazanacaqlar. Bu mərhələ ilə yanaşı, yarımfinal və final qarşılaşmaları avqustun 16-da baş tutacaq.












