“Real Madrid” də heyətini tanınmış futbolçu ilə gücləndirib. Madrid təmsilçisi Bernardo Silva ilə müqavilə imzalandığını rəsmən açıqlayıb. Razılaşmaya əsasən, portuqaliyalı yarımmüdafiəçi 2028-ci il iyunun 30-dək “kral klubu”nun formasını geyinəcək. Bernardo Silva “Real”a “Mançester Siti”dən ayrıldıqdan sonra keçib. 31 yaşlı futbolçu İngiltərə klubunda uzun illər çıxış edib və bu müddətdə komandanın əsas simalarından birinə çevrilib. Silva “şəhərlilər”in heyətində ümumilikdə 19 titul qazanıb.

Portuqaliyalı yarımmüdafiəçi hücum xəttinin bir neçə mövqeyində çıxış edə bilməsi, top saxlamaq bacarığı və oyun quruculuğu ilə seçilir. Onun Madrid klubunda əsasən yarımmüdafiə və hücum xətti arasında əlaqə yaradan futbolçu kimi istifadə olunacağı gözlənilir. İspaniya mətbuatının məlumatına görə, Bernardo Silvanın rəsmi təqdimatı iyul ayında keçiriləcək.

Ulduz futbolçunun illik maaşı 20 milyon avro təşkil edəcək. O, əlavə olaraq imza bonusu üçün 10 milyon avro qazanacaq. Silvanın agenti Jorj Mendeş və atası da 10 milyon avro dəyərində komissiya məbləği əldə edəcəklər.