Dünya Çempionatının qruplarına həsr etdiyimiz silsilə süjetlərdə artıq son dayanacağa çatırıq. Siyahını L qrupu ilə tamamlayırıq. Burada titul iddiası ilə turnirə gələn İngiltərə, son illərin ən sabit mundial komandalarından Xorvatiya, Afrika futbolunun xarakterli təmsilçisi Qana və KONKAKAF zonasından vəsiqə qazanan Panama mübarizə aparacaq. Kağız üzərində İngiltərə qrupun ən güclü adı kimi görünür. Amma Xorvatiyanın böyük turnir təcrübəsi, Qananın fiziki və hücum potensialı, Panamanın isə nizamlı və inadkar oyun modeli bu qrupu sadə proqnozdan daha mürəkkəb edir.
L qrupu 2026-cı il Dünya Çempionatında həm böyük ambisiyaların, həm də fərqli futbol xarakterlərinin toqquşacağı kvartetlərdən biridir. İngiltərə seçmə mərhələdə ideal nəticə göstərib və turnirə əsas favoritlərdən biri kimi gəlir. Xorvatiya 2018-ci ildə finala, 2022-ci ildə isə üçüncü yerə qədər irəliləyən nəsildən qalan təcrübəyə güvənir. Qana 2010-cu ildəki tarixi 1/4 final xatirəsini yenidən canlandırmaq istəyir. Panama isə 2018-ci ildən sonra ikinci dəfə mundialda iştirak edəcək. Qrupun rəsmi tərkibində İngiltərə, Xorvatiya, Qana və Panama yer alır.
İngiltərə mundiala Avropa seçmə mərhələsinin K qrupunu mükəmməl nəticə ilə tamamlayaraq vəsiqə qazanıb. Tomas Tuxelin komandası 8 oyunun hamısında qalib gəlib, 22 qol vurub və qapısından top buraxmayıb. Bu göstərici İngiltərəyə böyük gözlənti gətirir, amma eyni zamanda təzyiqi də artırır: seçmə mərhələdəki rahatlıq mundialda zəmanət sənədi deyil. Heyətin əsas simaları sırasında Harri Keyn, Cud Bellinqem, Bukayo Saka, Fil Foden, Deklan Rays, Koul Palmer, Con Stounz və Cordan Pikford qeyd oluna bilər. İngiltərə güclü pressinq, geniş heyət dərinliyi, cinahlarda sürət və cərimə meydançasında Keynin effektivliyi ilə təhlükəlidir. Bu komandanın əsas sualı yenə dəyişmir: böyük istedad nəhayət böyük titul ilə tamamlanacaqmı?
Xorvatiya Avropa seçmə mərhələsinin L qrupunu lider kimi tamamlayaraq Dünya Çempionatına vəsiqə qazanıb. Zlatko Daliçin komandası son iki mundialda medal qazanıb: 2018-ci ildə finalçı olub, 2022-ci ildə isə üçüncü yeri tutub. Bu fakt Xorvatiyanı sadəcə “narahat rəqib” yox, böyük turnir komandası kimi təqdim edir. Heyətin simvolik fiquru yenə Luka Modriçdir, onunla yanaşı Mateo Kovaçiç, Yoşko Qvardiol, Marselo Brozoviç, Andrej Kramariç, İvan Perişiç və Dominik Livakoviç komandanın əsas dayaqlarıdır. Xorvatiyanın oyunu topa səbirli nəzarət, mərkəzdə texniki üstünlük, tempin ağıllı idarəsi və böyük turnir soyuqqanlılığı üzərində qurulur. Bu komanda bəzən oyunu sürətlə deyil, vaxtı öz tərəfinə işlətməklə udur.
Qana Afrika seçmə mərhələsində I qrupunu lider kimi tamamlayaraq mundiala yüksəlib. “Qara ulduzlar” Komor adaları üzərində 1:0 hesablı qələbədən sonra vəsiqəni rəsmiləşdirib, həlledici qolu Məhəmməd Kudus vurub. Maraqlı detal odur ki, Qana turnirə yeni baş məşqçi ilə gəlir. Mundiala az qalmış Otto Addo ilə yollar ayrılıb, komandanın sükanı isə böyük dünya çempionatı təcrübəsi olan Karluş Keyruşa tapşırılıb. Heyətin əsas adları sırasında Məhəmməd Kudus, Antuan Semenyo, Tomas Partey, Cordan Ayu, İnaki Uilyams, Aleksander Ciku və Tariq Lamptey seçilir. Qana fiziki güc, sürətli hücum keçidləri və fərdi keyfiyyətlə təhlükəlidir. Amma Keyruş üçün əsas məsələ bu enerjini daha intizamlı və nəticəyə hesablanmış sistemə çevirmək olacaq.
Panama KONKAKAF seçmə mərhələsində qrupunu lider kimi bitirib və son turda El Salvadoru 3:0 hesabı ilə məğlub edərək Dünya Çempionatına vəsiqəni təmin edib. Bu, Panamanın tarixində ikinci mundial olacaq, komanda ilk dəfə 2018-ci ildə əsas mərhələdə çıxış etmişdi. Baş məşqçi Tomas Kristiansen uzun müddətdir bu kollektivin inkişafında əsas fiqurdur və Panama onun rəhbərliyi altında daha nizamlı, daha rəqabətədavamlı komandaya çevrilib. Əsas futbolçular sırasında Anibal Qodoy, Erik Devis, Sezar Blekmen, Xose Luis Rodriges, Adalberto Karraskilya və Xose Faxardo qeyd oluna bilər. Panama topa uzun müddət sahib olmaqdan çox kompakt müdafiə, sürətli keçidlər, standart vəziyyətlər və kollektiv intizamla oynayır. Bu komanda kağız üzərində autsayder sayıla bilər, amma belə rəqiblər favoritlər üçün çox vaxt ən narahat imtahana çevrilir.
Beləliklə, L qrupu mundialın son kvarteti olsa da, intriqa baxımından siyahının sonunda qalmır. İngiltərə titul iddiasına və heyət dərinliyinə, Xorvatiya böyük turnir təcrübəsinə, Qana fiziki güc və yeni məşqçi impulsuna, Panama isə intizam və inadkarlığa arxalanacaq. Bu qrupda əsas fərq təkcə futbolçuların səviyyəsində yox, fərqli oyun modellərinin təzyiq altında nə qədər davamlı qalacağında üzə çıxacaq.














