Minifutbol üzrə Avropa çempionatında yarımfinal görüşləri keçirilib. Son qitə birincisi olan Azərbaycan millisi bu etapda Serbiya ilə qarşılaşıb.
Azərbaycan millisi görüşə yaxşı başlayıb və 12-ci dəqiqədə hesabı açıb. Rəqib müdafiəçinin səhvindən sonra topu ələ keçirən Xətai Bağırov qapıçı ilə dueldən də qalib ayrılıb. Ancaq komandamızın qol sevinci çox uzun çəkməyib. 4 dəqiqə sonra Balkan təmsilçisi bərabərliyə nail olub. Marko Vujoviçin zərbəsi dəqiq alınıb. İkinci hissədə tərəflərin çox saylı cəhdləri bir fayda verməyib və görüşün əas vaxtı 1:1 hesabı ilə bitib.
Nəticədə finala vəsiqənin taleyi penalti seriyasında müəyyənləşib. Burada isə daha sərrast davranan Azərbaycan millisi həlledici matça adlayıb. Yığmamızın Avropa çempionluğu uğrundakı rəqibi yarımfinalda Macarıstanı 5:1 məğlub edən Ukrayna olacaq. Final qarşılaşması bu gün Bakı vaxtı ilə saat 22:30-da başlayacaq.

















