Meksika, CAR, Cənubi Koreya və Çexiyanın yer aldığı A qrupunu qısaca belə xarakterizə etmək olar: ev sahibi üstünlüyü, uzun fasilədən sonra qayıdış enerjisi, Asiya futbolunun sabitliyi və Avropa pley-offlarından gələn sərt rəqabət. Kağız üzərində “ölüm qrupu” deyil. Amma məhz belə qruplarda səhv etmək daha təhlükəlidir: çünki heç kim aşkar zəif, heç kim də toxunulmaz deyil.

Meksika mundiala ev sahiblərindən biri kimi avtomatik vəsiqə qazanıb. Bu ölkə tarixdə üçüncü dəfə Dünya Çempionatına ev sahibliyi edən ilk dövlət olacaq. Komandanın baş məşqçisi Meksika futbolunu yaxşı tanıyan, təcrübəsi böyük olan Xavyer Aqirredir. “Üçrənglilər”in əsas fiqurları sırasında Raul Ximenez, Edson Alvares, Aleksis Veqa, Sezar Montes və qapı xəttində Gilyermo Oçoa kimi adlar seçilir. Meksika üçün əsas məsələ təkcə qrupdan çıxmaq deyil, illərdir böyük turnirlərdə üzərinə yapışan psixoloji baryeri nəhayət qırmaqdır. Aqirrenin komandası adətən emosional temp, cinah fəallığı və təcrübəli oyunçuların soyuqqanlılığı üzərində qurulur.

Cənubi Afrika Respublikası mundiala Afrika zonasında seçmə qrupunu birinci pillədə başa vuraraq qayıdıb. “Bafana Bafana” 2010-cu ildən sonra ilk dəfə bu həyəcanı yaşayacaq. Komandanı belçikalı mütəxəssis Huqo Bros çalışdırır. O, daha əvvəl Kamerunla Afrika Millətlər Kubokunu qazanmış, Cənubi Afrika yığmasında isə daha gənc və intizamlı kollektiv formalaşdırmış məşqçidir. Yığmanın əsas dayağı kapitan və qapıçı Ronven Uilyamsdır. Cənubi Afrika Respublikası daha çox kompakt müdafiə, sürətli keçidlər və fiziki mübarizə hesabına rəqibə problem yaratmağa çalışır.

Cənubi Koreya Asiya seçmə mərhələsində üçüncü raundun B qrupunu lider kimi tamamlayaraq mundiala vəsiqə qazanıb. Komanda seçmə mərhələni məğlubiyyətsiz keçib və artıq uzun illərdir Dünya Çempionatlarının daimi iştirakçılarından biridir. Baş məşqçi Hon Myon Bo Cənubi Koreya futbolunda simvolik fiqurdur. O, 2002-ci ildə yarımfinala yüksələn tarixi komandanın kapitanı idi. Hazırkı yığmanın əsas siması Son Hın Mindir. Onunla yanaşı Kim Min Ce, Li Kanq İn, Hvan Hi Çan və Ço Qyu Son komandanı balanslı edir. Cənubi Koreya nizamlı müdafiə, yüksək sürət və texniki futbolçuların çevik qərarları ilə oynayan komandadır. Bu yığmanın ən böyük silahı isə illərdir formalaşan turnir vərdişidir.

Çexiya mundiala Avropa pley-offlarından keçərək gəlib. Komanda əvvəlcə İrlandiya Respublikasını, daha sonra Danimarkanı penaltilər seriyasında məğlub edərək A qrupunda yer alıb. Maraqlı məqam odur ki, Çexiya ardıcıl ikinci dəfə Dünya Çempionatının əsas mərhələsinə pley-off yolu ilə vəsiqə qazanıb. Baş məşqçi Miroslav Koubek gəlledici mərhələdə komandanı ayağa qaldıran əsas fiqurlardan biri oldu. Çexiyanın aparıcı futbolçuları sırasında Patrik Şik, Tomaş Souçek, Vladimir Çoufal, Pavel Şults və qapıçı Matey Kovarj xüsusi qeyd edilməlidir. Bu komanda parıltıdan çox inadkarlığı ilə təhlükəlidir, standart vəziyyətlər, hava mübarizəsi, fiziki güc və intizamlı müdafiə Çexiyanın əsas silahlarıdır.

Beləliklə, A qrupu mundiala sakit yox, kifayət qədər maraqlı başlanğıc vəd edir. Meksika ev sahibi üstünlüyünə, Cənubi Afrika Respublikası qayıdış enerjisinə, Cənubi Koreya sabit sisteminə, Çexiya isə pley-offlardan gələn döyüş xarakterinə güvənəcək. Bu qrupda taleyi təkcə ulduzların sayı yox, təzyiq anında kimin daha az səhv etməsi müəyyənləşdirəcək.