Gürcüstanın Batumi şəhərində keçirilən Avropa çempionatında 7-ci turun görüşləri keçirilib. Buna qədər məğlubiyyətsiz irəliləyən və 3-cü pillədə yer alan Ülviyyə Fətəliyeva ispaniyalı Sabrina Veqa Qutyerres ilə üz-üzə gəlib. Yarışın son qalibi olan təmsilçimiz turnirdə ilk məğlubiyyətlə bu görüşdə üzləşib.
Digər təmsilçilərimizə gəlincə, Gülnar Məmmədova, Türkan Məmmədyarova, Lalə Hüseynova, Zeynəb Məmmədyarova, Səbinə İbrahimova və Mələk İsmayıl qələbə qazanıb. Gövhər Beydullayeva və Məryəm Ağaverdiyeva heç-heçə ilə barışdığı halda, Günay Məmmədzadə və Nərmin Abdinova rəqibinə uduzub.
Hazırda zəka sahiblərimizdən ən yüksək göstərici 5 xal toplamış Ülviyyə Fətəliyevaya məxsusdur. O, 9-cu pillədə qərarlaşıb. Hesabında 4 xal yarım olan Beydullayeva 31-cidir. Məmmədzadə, İbrahimova, İsmayıl və Məmmədova 4, Hüseynova, Abdinova və Türkan Məmmədyarova 3 xal yarım, Ağaverdiyeva və Zeynəb Məmmədyarova isə 3 xal toplayıb. Avropa çempionatına iyunun 5-də yekun vurulacaq.













